Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi çərçivəsində təşkilatın Parisdə keçirilən iclasında təqdimat edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

23 sentyabr 2025-ci il tarixində Beynəlxalq Nəqliyyat Forumunun
BNF (International Transport Forum) Parisdə
keçirilən illik səfirlər toplantısında Azərbaycanın Fransadakı
səfiri Leyla Abdullayeva çıxış edib.

Trend
xəbər verir ki, səfir, Azərbaycanın 2025-2026-cı il üzrə təşkilata
prezidentliyi nümayəndəsi qismində tədbirdə iştirak edib və
çıxışında əsas diqqəti ölkəmizin bu önəmli beynəlxalq nəqliyyat
platformasında sədrliyinin prioritet istiqamətlərinə yönəldib.

Qlobal nəqliyyat ictimaiyyətinin önəmli tərəfdaşı qismində
Azərbaycanın hazırda həm regional, həm də beynəlxalq miqyasda
nəqliyyat şərtlərinin daha da yaxşılaşdırılması və beynəlxalq
nəqliyyat sektorunda mövcud olan çağırışların qarşısının alınması
üçün bütün imkanları dəyərləndirdiyi iclas iştirakçılarının
diqqətinə çatdırılıb. Beynəlxalq Nəqliyyat Forumunda prezidentliyi
dövründə ölkəmizin strateji nəqliyyat dəhlizlərinin inteqrasiyası
yolu ilə beynəlxalq nəqliyyat bağlantılarının daha da
gücləndirilməsi istiqamətində işləyəcəyi qeyd edilib və bu xüsusda,
Şərq ilə Qərbi birləşdirən önəmli və etibarlı multi-modal yol
qismində Orta Dəhlizin inkişafı üçün tərəfimizdən görülən işlər ilə
bağlı tədbir iştirakçılarına məlumat verilib. Orta Dəhlizin
potensialından tam istifadənin yalnız qlobal nəqliyyatı deyil,
ölkələr arasında ticarəti də asanlaşdıracağı vurğulanıb. Bununla
əlaqədar olaraq, Zəngəzur Dəhlizinin, digər adla desək Beynəlxalq
Sülh və Tərəqqi naminə Tramp Yolunun fəaliyyətinin Çin və Avropa
arasında mal mübadiləsinin inkişafına təkan verəcəyi
səsləndirilib.

Azərbaycanın BNF-də prezidentliyi prioritetləri sırasında
təşkilatın coğrafiyasının genişləndirilməsi, yeni üzvlərin bu
foruma qoşulmasının təşviq edilməsi, habelə inklüziv ictimai
nəqliyyatın olduğu şəhərlərə ağıllı keçid siyasəti qeyd edilib.
Sonuncu ilə bağlı ölkəmizin azad edilmiş Qarabağ bölgəsində görülən
işlərə və əldə edilən uğurlu nəticələrə istinad edilib.

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda prezidentliyinin
2026-cı ilin may ayında keçiriləcək nazirlər görüşü ilə
yekunlaşacağı və bu yüksək səviyyəli tədbir nəticəsində beynəlxalq
bağlılığın rəqəmsallaşması və şəhər nəqliyyatının inkişafı
mövzuları üzrə sənədlərin qəbulunun gözlənildiyi bəyan
edilmişdir.

BNF-in illik səfirlər iclasında iştirakçıların diqqətinə,
həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
nazirinin həmkarlarına ünvanladığı “Azərbaycanın BNF sədrliyinin
ilk 100 günü” adlı məktubu təqdim edilmişdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir