
Bakı. Trend:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində
fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan
təmizləmə üzrə İşçi qrupun Cəbrayılda keçirilən iclasında humanitar
minatəmizləmə fəaliyyətinin gedişatı, qarşıda duran hədəflər və
mövcud çağırışlar müzakirə edilib.
Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.
İşçi qrupun üzvləri əvvəlcə Füzuli rayonunun Horadiz və Cəbrayıl
rayonunun Horovlu kəndlərində icra edilən humanitar minatəmizləmə
fəaliyyəti ilə tanış olublar.
Səfər iştirakçıları həyata keçirilən layihələrin gedişatını, o
cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların
partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə
ediblər.
Daha sonra İşçi qrupun Cəbrayıl rayonunda iclası keçirilib.
ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar
Süleymanov iclasda çıxış edərək, işğaldan azad edilmiş ərazilərin
inkişafı istiqamətində icra olunan minatəmizləmə layihələri barədə
məlumat verib. Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında 84 min 146.5 hektar olmaqla, ümumilikdə, 228 min 689.9
hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından
təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 210 min 655 ədəd
partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid
Hacıyev işğaldan azad edilmiş ərazilərdə dövlət başçısının
tapşırığı əsasında aparılan sürətli bərpa-quruculuq işlərinin
keçmiş məcburi köçkünlərin burada təhlükəsiz və dayanıqlı
məskunlaşmasına xidmət etdiyini bildirib. V.Hacıyev qarşıya qoyulan
hədəflərə nail olmaq üçün torpaqların minalardan və partlamamış
hərbi sursatlardan təmizlənməsinin ən əsas vəzifələrdən biri
olduğunu vurğulayıb.
İşçi qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən
ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər
barədə məlumat veriblər. İclasda təqdim olunan hesabatlar İşçi
qrupunun üzvləri tərəfindən müzakirə edilib.

