Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından
BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul
təşkil olunub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak
ediblər.

Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Tramp dedi: Ermənistan və Azərbaycan. Mən Sizə
təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il
davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz
müharibə şəraitində idiniz.

Prezident İlham Əliyev: Daha da çox.

Prezident Donald Tramp: Bundan da çox?

Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız,
cənab Prezident. Təşəkkür edirəm.

Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür
edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə
gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim
dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə
tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə,
biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata
keçirilə bilər.

Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik
ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu,
həqiqətən Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən
yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə
yoxdur?

Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib.
Avqustun 8-də buna son qoyuldu.

Prezident Donald Tramp: Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz
çox gözəl insansınız.

Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı
tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli
liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün,
ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla
rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna
görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə
olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə
gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada
yaşayacağıq.

Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta “Gələcəyi
birlikdə qurmaq” adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid
edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il
birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün
uğur qazanacağıq. Təşəkkür edirəm.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir