
Bakı. Trend:
Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində
dəstək göstərəcək.
Trend xəbər
verir ki, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası
çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə elan edildi.
Bu məqsədlə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək
səviyyəli həftəsinin ilk günündə COP29-un Bakı İqlim və Sülh
Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında Birgə İşçi
Qruplar təsis edildi.
BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya
Təşkilatının təşəbbüsü ilə “Bakı Mərkəzi Tərəfdaşlığı:
Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər”
mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə 100-dən artıq
hökümət üzvləri və rəsmiləri, BMT qurumlarının rəhbərləri və
beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Tədbirin açılışında çıxış edən COP29-un Prezidenti Muxtar
Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru
Marko Ruskoni, BMT Baş Katibinin Afrika üzrə nümayəndəsi Parfayt
Onyanga, Beynəlxalq Miqrasıya Təşkilatının icraçı direktorun
müavini xanım Uqoçi Daniels qeyd etdilər ki, Azərbaycanın təşəbbüsü
ilə təsis olunan Bakı Mərkəzi artıq qlobal iqlim diplomatiyasında
yeni bir istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu
və iqlim miqrasiyasının tənzimlənməsi məsələlərini vahid gündəmdə
birləşdirərək, həssas regionlarda real nəticələr doğuracaq
layihələrin icrası üçün unikal platformaya çevrilmişdir.
Daha sonra çıxış edən Çad, Qvineya-Bisau, Somali və Uqandanın
ətraf mühit nazirləri ölkələrində təxirəsalınmaz layihələrin həyata
keçirilməsi üçün Bakı Mərkəzinin qurduğu tərəfdaşlığı qeyd etdilər,
Azərbaycana iqlim diplomatiyası sahəsində bölüşdüyü təcrübə üçün
təşəkkürlərini bildirdilər.
Bakı Mərkəzinin növbəti planları haqqında çıxış edən Xarici
İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov
bildirdi ki, Mərkəz qeyd olunan ölkələrdə layihələrin həyata
keçirilməsinin praktiki mərhələsinə başlayır. Bu məqsədlə tədbirdə
Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi
Qruplarının yaradılmasına dair Memorandum təsdiqləndi.
Tədbirdə həmçinin daha bir neçə ölkə Bakı Mərkəzi tərəfdaşlığına
qatılmaq niyyətlərini elan etdilər.