
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi
tərəfindən Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə
qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə
məşqi təşkil edilib.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş
ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə
fəaliyyəti” mövzusunda keçirilən məşqdə Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, FHN-in Sumqayıt Regional
Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, rayon hüquq-mühafizə
orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, ərazi mülki
müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.
Məşqə Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə
qüvvələrinin 27 ədəd texnika və 146 nəfərdən ibarət şəxsi heyəti
cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin
fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin
yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin
uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və
bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq
toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə
dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq
toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş,
toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb,
həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr
müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.