
Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan
Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli
hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə “Məharət – 2025”
kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Silahlı Qüvvələrin Modelləşdirmə və Simulyasiya
Tədqiqatları Tədris Mərkəzində “Qanunsuz silahlı birləşmələrin
axtarışı, lokallaşdırılması və neytrallaşdırılması” mövzusunda
keçirilən təlim iki mərhələdən ibarətdir.
Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın
planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və
simulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləri
icra edəcəklər.
“Məharət – 2025” təliminin məqsədi iki dövlət arasında mövcud
əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbi
qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və
qazanılmış hərbi təcrübənin mübadiləsidir.

