
Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri
Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul
ediblər.
Trend bəyanatı
təqdim edir:
“Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan
Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik ili” elan
etdiyi 2025-ci ildə – Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü
ərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincə
görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin
minnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.
Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə
Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində
suverenliyini tam bərpa etmiş Prezident İlham Əliyev beynəlxalq
müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş
Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının
Baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün
nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffər
öndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq
dəyərləndiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın lider ölkəsində
yüksək səviyyədə qəbulu zamanı imzalanmış sənədlərin dəyər və
mahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir.
Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci
düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranə
şəkildə ləğv edilməsi Azərbaycanın Prezident İlham Əliyevə olan
ehtiram və etimadın təcəssümü, Prezident İlham Əliyevin şəxsində
Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.
Bölgəmizdə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamə
təkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm də
sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi
təsdiqidir. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturların
fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və
beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini
göstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas
hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan
ərazisindən keçəcək Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması, heç şübhəsiz,
regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar
açır. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq
münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi
sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərinin
istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər
üçün parlaq imkanlar açır. Beləliklə, Azərbaycan Prezidenti İlham
Əliyev Azərbaycan xalqına dünya miqyaslı daha bir Zəfər bəxş etdi,
qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına,
suverenliyimizin ali məqamda təsdiqinə, ölkəmiz və bölgəmiz üçün
yeni perspektivlərin açılmasına nail oldu.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar
Vaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrik
liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək
və xeyir-dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərə
ehtiramı ilə seçilən, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan
Prezident İlham Əliyevin sülh və tərəqqi yönündə səy və əməllərinə,
Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə Ulu
Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan xalqımızı, Vətənimizi,
dövlətimizi və qalib Prezident İlham Əliyevi qorusun! Amin!”.
Bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının
sentyabrın 24-də keçirilən iclasında qəbul edilib.