
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə, Pakistan
və Banqladeşin nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Trend xəbər
verir ki, bu görüşlərdə ölkələrimiz arasında əmək, məşğulluq və
sosial müdafiə sahələrində ikitərəfli əlaqələr barədə fikir
mübadilələri aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə
olunub.
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak
Alpkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı nazir
Anar Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin
genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.
L.Alpkan ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın ildən-ilə
genişlənməsindən məmnunluğunu ifadə edib, bu əlaqələrin gələcək
inkişafı üçün səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyini
bildirib.
Görüşdə Nazirliklər arasında əməkdaşlıq üzrə Birgə Daimi
Komissiyanın fəaliyyəti barədə fikir mübadilələri aparılıb, gələcək
əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla
iş və insan resurslarının inkişafı üzrə federal naziri Çaudri Salik
Hüseynlə görüşdə Azərbaycan-Pakistan ənənəvi dostluq və əməkdaşlıq
münasibətlərinin dövlət başçılarının birgə səyləri ilə uğurla
inkişaf etdiyi qeyd olunub.
A.Əliyev dostluq və əməkdaşlıq əlaqələrimizin mövcud
səviyyəsindən məmnunluğunu bildirib, bu əməkdaşlığın daha da
genişlənəcəyinə əminliyini ifadə edib.
S.H.Çaudri DOST Konsepsiyasının Pakistanda tətbiqi üçün
ölkəmizin təcrübəsini öyrənməyə maraqlı olduqlarını bildirib.
Nazirliklər arasında Anlaşma Memorandumunun həyata keçirilməsinə
dair növbəti dövr üçün Tədbirlər Planının hazırlanması məsələsi
nəzərdən keçirilib.
Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri Muhammad
Sakhavat Hussainlə görüşdə ölkələrimiz arasında dostluq və
qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına böyük önəm
verildiyi diqqətə çatdırılıb.
Beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı
çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi
vurğulanıb.
M.S.Hussain İƏT-in Əmək Mərkəzinin Bakıda keçirilən iclasının
əhəmiyyətini qeyd edib, ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin genişlənməsində maraqlı olduqlarını bildirib.