
Bakı. Trend:
Prezident İlham Əliyevin Nyu-Yorkda BMT-nin Baş Assambleyasının
80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və
qlobal proseslərdə artan rolunun bariz nümunəsidir. Səfər zaman
keçirilən mühüm görüşlər Azərbaycanın beynəlxalq siyasətdə
nüfuzunun artdığını nümayiş etdirən mühüm hadisə kimi tarixə
düşür.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısının dünya liderləri, dövlət
və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbər şəxsləri və
iri qlobal şirkətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər
bir daha təsdiq edir ki, Azərbaycan regionun sərhədlərini aşaraq
beynəlxalq münasibətlər sistemində mühüm tərəfdaş kimi çıxış
edir.
A.Həsənova vurğulayıb ki, Azərbaycanın beynəlxalq müstəvidə
mövqeyinin möhkəmlənməsi təsadüfi deyil: “Azərbaycan hər zaman həm
regional, həm də qlobal miqyasda sülhün və təhlükəsizliyin təmin
olunmasına mühüm töhfələr verib. Azərbaycanın müəllifi olduğu mühüm
təşəbbüslər təkcə ölkəmizin maraqlarını deyil, həm də bütün
regionun sabitliyini və inkişafını hədəfləyir. Bu gün Azərbaycan
qlobal çağırışlara çevik reaksiya verən, təşəbbüsləri ilə
beynəlxalq gündəliyi zənginləşdirən ölkə kimi tanınır. Sülh və
təhlükəsizlik məsələlərinə verdiyi töhfələr, münaqişələrin həllində
nümayiş etdirdiyi prinsipial mövqe ölkəmizi etibarlı tərəfdaş kimi
ön plana çıxarır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışları və
görüşləri dünya ictimaiyyəti üçün mühüm siqnal oldu”.
Deputat əlavə edib ki, görüşlərdə müzakirə olunan məsələlər
arasında dünyamızın gələcəyi üçün strateji əhəmiyyət daşıyan yaşıl
enerji mövzusu da xüsusi yer tutub: “Azərbaycan tərəfindən irəli
sürülən yaşıl enerji təşəbbüsləri yalnız milli inkişaf planı deyil,
həm də qlobal iqlim gündəliyinin bir hissəsidir. 2024-cü ildə
COP29-a ev sahibliyi etməsi ilə ölkəmiz beynəlxalq ictimaiyyətə
sübut etdi ki, enerji keçidi prosesində etibarlı tərəfdaş və
aparıcı mərkəz ola bilər. Keçirilən görüşlər də Azərbaycanın
bərpaolunan enerji bazarında güclənən rolunu, həmçinin Avropanın
enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha ortaya qoydu”.
A.Həsənova əlavə edib ki, eyni zamanda, qlobal şirkətlərin
rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın iqtisadi mühitinin
sabitlik və etibarlılıq üzərində qurulduğunu göstərir: “Xarici
investorların diqqəti ölkəyə yeni texnologiyaların gətirilməsinə,
innovativ layihələrin reallaşmasına, iqtisadiyyatın
şaxələndirilməsinə yol açacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT Baş
Assambleyasında iştirakı Azərbaycanın beynəlxalq imicini
möhkəmləndirməklə yanaşı, həm də yeni əməkdaşlıq üfüqləri açır. Bu,
Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə artan nüfuzunun və
qlobal proseslərə təsir imkanlarının daha da genişləndiyinin əyani
sübutudur”.

