Vətəndaşlarımızın təhlükəsizliyinin və dövlət suverenliyimizin təmin olunması ölkəmizin son iki əsrlik tarixinə qızıl hərflərlə yazılıb – Baş prokuror (FOTO)

Baş səhifə

Bakı. Trend:

Baş Prokurorluqda şəhid olan prokurorluq əməkdaşlarının ailə
üzvləri, prokurorluğun veteranları və vətən müharibəsində iştirak
edən prokurorluq işçiləri ilə görüş keçirilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 24-də Baş prokuror Kamran Əliyevin
rəhbərliyi ilə 1 – Oktyabr Azərbaycan Respublikası prokurorluq
işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının
yaranmasının 107-ci ildönümü münasibətilə Azərbaycan Respublikası
Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş
prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş
prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər
Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Baş prokuror çıxışında qeyd edib ki, Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun şəkildə
uğurla davam etdirən Vətən müharibəsinin qalibi, möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 30 ildən artıq
işğalda qalmış torpaqlarımızı azad etmiş, lokal antiterror
tədbirləri ilə isə separatçı qüvvələrin fəaliyyətinə son qoyularaq
vətəndaşlarımızın təhlükəsizliyi və dövlətimizin suverenliyi tam
təmin olunub. Bu tarixi nailiyyətlər ölkəmizin son iki əsrlik
tarixində qızıl hərflərlə yazılmış hadisələrdir.




Kamran Əliyev, həmçinin, vurğulayıb ki, Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz səyləri
nəticəsində Qarabağ və digər azad edilmiş ərazilərdə genişmiqyaslı
bərpa-quruculuq işləri aparılır, şəhid ailələri, qazilər və
müharibə veteranlarına göstərilən yüksək diqqət isə bütün
cəmiyyətimiz üçün nümunədir.

Baş prokuror çıxışında vurğulayıb ki, şəhid olan prokurorluq
əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və vətən
müharibəsində iştirak edən prokurorluq işçilərinə göstərilən diqqət
və qayğı daim ön plandadır.

İştirakçılar şəhid ailələrinə və veteranlara göstərilən diqqət
və qayğıya görə ölkə rəhbərliyinə dərin minətdarlıqlarını
bildirərək dövlət tərəfindən onların sosial müdafiəsinin daha da
yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb,
həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə
ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş
əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi,
onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da
daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara,
həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir