
Bakı. Trend:
“Formula 1” yarışlarının 2030-cu ilə qədər Azərbaycanda
keçiriləcək olması ölkə üçün yalnız idman hadisəsi deyil, həm də
iqtisadi və turizm baxımından böyük fürsət kimi qiymətləndirilir.
Bu beynəlxalq miqyaslı yarış, hər il milyonlarla tamaşaçının
diqqətini Azərbaycana yönəldir, ölkənin qlobal imicinə və
tanıtımına ciddi töhfə verir. Eyni zamanda, yarış həftəsi ərzində
ölkəyə gələn xarici turistlərin sayı artır, yerli biznes canlanır,
hotel və xidmət sektorunda aktivlik müşahidə olunur.
Bəs “Formula 1”in
daha bir neçə il ölkəmizdə keçirilməsi iqtisadi və turizm
baxımından nə qazandıracaq?
Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki,
“Formula 1” dünyada ən çox izlənilən idman növlərindən biridir:
“Adətən Formula 1 yarışlarının keçirilməsi ölkə üçün həm
turizmin inkişafı, həm də ölkənin beynəlxalq təqdimatı baxımından
əhəmiyyətlidir. Çünki nəzərə alsaq ki, Formula 1-ə baxanların sayı
kifayət qədər çoxdur, bu yarışlar yalnız ölkəyə gələn turistlər
baxımından deyil, eyni zamanda yayımlanan zaman televiziya və digər
platformalar üzərindən izləyənlər baxımından da geniş auditoriyaya
çatır. Bu da ölkənin daha yaxından tanıdılmasına imkan
yaradır”.
Deputatın sözlərinə görə, “Formula 1” yarışları həm də ölkənin
iqtisadi potensialı və infrastrukturunun təqdimatı anlamına gəlir
və qlobal səviyyədə bir təqdimat imkanı yaradır:
 
“Eyni zamanda, bu yarışlar ölkəyə gələn turistlərin sayına da
təsir göstərir. Formula 1 yarışlarının keçirildiyi müddətdə ölkəyə
gələn turist sayında artım müşahidə olunur. Bundan əlavə, yarışlara
gələn turistlər sonradan ölkə haqqında paylaşdıqları təəssüratlarla
yeni turistlərin də gəlməsinə təkan verə bilirlər. Beləliklə,
“Formula 1” yarışları həm birbaşa, həm də dolayı olaraq turizmin
inkişafına töhfə verir”.
Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə bildirib
ki, “Formula 1” in keçirilmə müddəti 2030-cu ilə qədər uzadılıb və
əslində “Formula 1” Bakı Qran Prisi artıq özünü doğrultduğunu sübut
edib.
“Son bir neçə ildir ki, biletlərin hamısı satılır və satılan
biletlərin 80%-dən çoxu məhz xarici vətəndaşların payına düşür. Bu
il də 10 tribunaya əlavə olaraq 2 yeni tribuna əlavə olunub. Nəzərə
alsaq ki, bu yarışmanın çox geniş auditoriyası var, birbaşa onlayn
izləyicilərin sayı təxminən 90 milyona çatır, dolayı auditoriya isə
4 milyarda yaxın insanı əhatə edir. Bu, ölkənin beynəlxalq
tanıdılmasına çox böyük töhfə verir. Turizmə təsirini də nəzərə
alsaq, demək olar ki, yarış keçirilən müddətdə Azərbaycanın və
Bakının adı bütün dünyada ön plana çıxır”.
Ekspertin sözlərinə görə, gələn turistlərin sayının ildən-ilə
artması həm ölkəmizin turizm məkanı kimi kəşf olunmasına, həm də
ətraf bölgələrin tanıdılmasına kömək edir.
“Sosial şəbəkələrdə paylaşılan görüntülər və təəssüratlar
sayəsində bu yarış yaxın regionlara da marağın artmasına səbəb ola
bilər. Nəticə olaraq, “Formula 1” yarışmasının 2030-cu ilə qədər
davam etdirilməsi qərarı, bu tədbirin uğurlu nəticəsinin
göstəricisidir. Hesab edirəm ki, Bakı Qran Prisinin kifayət qədər
ciddi izləyici auditoriyası formalaşıb və bu, gələcəkdə də ölkənin
tanıtımı və turizm baxımından müsbət təsirini göstərəcək”,- deyə o
vurğulayıb.


 
						 
						