
Bakı. Trend:
Çin Milli Statistika Bürosu statistik işdə iri həcmli
məlumatlar, yüksək məhsuldar hesablamalar, bulud texnologiyaları və
süni intellekt kimi informasiya texnologiyalarının tətbiqini
hərtərəfli gücləndirib.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda Çin
Siyahıyaalma Mərkəzinin baş direktorunun müşaviri Dze Can
deyib.
“Biz bütün statistik əməliyyatları idarə edən vahid bulud
platforması yaratmışıq. İndi bütün sorğu subyektləri və statistik
işçilər vahid veb-sayt vasitəsilə daxil ola və məlumatların
toplanması və emalı tapşırıqlarını yerinə yetirmək üçün bir
inteqrasiya edilmiş sistemdən istifadə edə bilərlər. Bu, bizə
statistik işin yükünü azaltmağa, informasiya emalı prosesini
rəqəmsallaşdırmağa və şəbəkələşdirməyə, həmçinin respondentlərə
statistik məlumatları birbaşa təqdim etməyə imkan verir”, – deyə o
bildirib.
Ekspertin sözlərinə görə, son illər rəqəmsal texnologiyaların və
süni intellektin sürətli inkişafı fonunda bəşər cəmiyyətində əsl
məlumat inqilabı baş verib.
“Süni intellekt informasiya axını ilə birləşərək bir növ
“məlumat sunamisi” yaradır. Hökumətlər, biznes qurumları və
ictimaiyyət getdikcə daha yüksək keyfiyyətli və vaxtında statistik
məlumat tələb edirlər”, – deyə Dze Can vurğulayıb.
O əlavə edib ki, müasir texnologiyaların tətbiqi statistikanın
dəqiqliyini və şəffaflığını artırmaqla yanaşı, həm də iqtisadi və
sosial proseslərin analitik işlərinin aparılması və
proqnozlaşdırılması üçün yeni imkanlar açır.