Azərbaycan və Serbiya strateji tərəfdaşlığı gücləndirir: ticarət dövriyyəsi 190 milyon dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası
arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın həmsədri Sahil Babayev Azərbaycanda rəsmi səfərdə olan
Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq
münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası,
qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək
perspektivləri müzakirə olunub.

Azərbaycanın Serbiya ilə bütün sahələrdə strateji tərəfdaşlığı
gücləndirmək niyyətində olduğunu qeyd edən S.Babayev ikitərəfli
münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin və
Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib.

Nazir qeyd edib ki, Hökumətlərarası Komissiyanın ötən ilin iyul
ayında Bakıda keçirilən 8-ci sessiyasında bir çox mühüm təşəbbüslər
irəli sürülüb, cari ilin oktyabr ayında isə Belqradda Komissiyanın
9-cu iclasının keçirilməsi planlaşdırılır.




Görüşdə iki ölkə arasında qarşılıqlı investisiyaların artdığı,
2024-cü ildə ticarət dövriyyəsinin 16,7 faiz artaraq 190,3 milyon
dollara çatdığı diqqətə çatdırılıb. Həmçinin enerji, infrastruktur,
aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud
əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin
reallaşdırılması üçün geniş perspektivlər açdığı vurğulanıb.

Öz növbəsində, Ana Brnabiç Azərbaycan ilə Serbiya arasında
münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın
qarşılıqlı etimada və dostluğa əsaslandığını qeyd edib. O, iki ölkə
arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın
mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real
potensialı əks etdirmədiyini və siyasi münasibətlərin səviyyəsinə
uyğun gəlmədiyini vurğulayıb, əməkdaşlığın daha da
genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə
çatdırıb.

Xanım Brnabiç, həmçinin azərbaycanlı investorların Serbiyada
daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrdə sərmayə
yatırmalarında maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir