
Bakı. Trend:
Azərbaycan və region ölkələri “yaşıl” enerjinin ixrac
qaydalarını daha aktiv razılaşdırmalı və Avropa Enerji bazarlarına
çıxış üçün birgə investisiya layihələrini inkişaf etdirməlidir.
Trend xəbər verir
ki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian
Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl
Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025)
çıxışında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə atılmalı olan ilk addım
enerji bazarlarının, ələlxüsus elektrik enerjisi bazarlarının
regionallaşdırılmasının inkişaf etdirilməsidir.
“Bu istiqamətdə artıq müsbət dəyişikliklər var: Gürcüstan Avropa
Enerji İcmasının iştirakçısıdır, Azərbaycan isə 2028-ci ilə qədər
elektroenergetika sektorunda funksiyaların tam bölünməsini başa
çatdırmağı planlaşdırır. Hazırda əsasən elektrik enerjisinin ixracı
üzrə ikitərəfli razılaşmalardan söhbət gedir. Lakin Avropa
İttifaqının vahid bazarına bənzər sistem yaratmaq üçün qaydaların
və normaların ciddi harmonizasiyası tələb olunacaq”, – deyə Kitt
qeyd edib.
O xatırladıb ki, Azərbaycan artıq Avropa bazarı ilə bağlı olan
Türkiyənin enerji sisteminə qoşulmaq təcrübəsinə malikdir və bu
sahədə bir sıra tələbləri yerinə yetirib.
“Bundan əlavə, birgə planlaşdırma və investisiyalar mühüm
əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan Gürcüstan, Rumıniya və
Macarıstanla birlikdə Rumıniyada ‘yaşıl enerji limanı’nın inkişafı
üçün xüsusi şirkətin (SPV) yaradılmasına təşəbbüs göstərib”, – deyə
Kitt əlavə edib.

