
Bakı. Trend:
24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən
zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü
uşaq olmaqla 34-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının
Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-ə TƏBİB-dən
məlumat verilib.
Bildirilir ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu
təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib:
“Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə
əsasında ixtisaslı tibbi xidmətdən imtina edib”.
“Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin
müalicələri müvafiq şöbələrdə davam etdirilir”, – qurumdan əlavə
olunub.
Qeyd edək ki, sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi
ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən
məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida
zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı
rayon prokurorluğunda araşdırma aparılır.