
Bakı. Trend:
Bakı Dövlət Universiteti və Xəzər Universiteti “Times Higher
Education” versiyasına görə “Impact Rankings 2025” qlobal reytinq
cədvəlində ilk 600-ə düşüblər.
Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçirilən Avrasiya Universitetləri
Sammitində “Times Higher Education”un məlumatların idarə olunması
üzrə meneceri Klara Spustek bildirib.
“Bakı Dövlət Universitetini və Xəzər Universitetini Impact
Rankings 2025 dünya reytinqində ilk 600-lüyə düşməsi münasibətilə
təbrik edirəm”,- deyə mütəxəssis bildirib.
 
Onun sözlərinə görə, reytinqdə Mərkəzi Asiya və Qafqaz
ölkələrindən 140-dan çox universitet iştirak edib. “Siyahıda region
üzrə ən çox universitet Özbəkistandan daxil olub, daha sonra
Qazaxıstan və Azərbaycan gəlir”,- deyə Spustek vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda universitetlər ən fəal şəkildə
4-cü Dayanıqlı İnkişaf Məqsədi (təhsilin keyfiyyəti) üzrə iştirak
edir, bundan sonra isə 8-ci Dayanıqlı İnkişaf Məqsədi (layiqli əmək
və iqtisadi artım) istiqaməti gəlir.


 
						 
						