
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC
tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında
tikinti işlərinin növbəti mərhələsinə start verilib.
Trend xəbər verir ki, tikinti
işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur
təşkil olunub.
Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili
infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti
sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması,
üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr
üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların
sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra
olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o
cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.
Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması
üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub. Hər bir
quyudan suların xaric edilməsi məqsədilə suvurma sistemləri və
daimi kommunikasiya xətləri çəkilir.
Elektrik yarımstansiyası üçün dünyanın aparıcı
istehsalçılarından gətirilmiş avadanlıqlar artıq quraşdırılır.
Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının
uzunluğu 144 metr olacaq. Buradan “8 Noyabr” stansiyasına qədər
1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri
çəkilib.
Yollar Bakı Metropoliteninin öz istehsalı olan dəmir-beton bloklar
üzərində salınıb. Tunellərdə işıqlandırma sistemi və yüksək
gərginlik üçün güc kabellərinin çəkilişi başa çatdırılıb. Hazırda
təmas relslərinin quraşdırılması, həmçinin qatarların hərəkətini
təmin edəcək işarəvermə sistemlərinin montajına hazırlıq işləri
aparılır.
Qeyd edək ki, Bakı metropoliteninin istifadəyə veriləcək 28-ci,
Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına
İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası
arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.
Ərazinin relyefi nəzərə alınaraq 29–31 metr dərinlikdə inşa
olunan “B-04” stansiyası 167,7 metr uzunluğa malik olub, 4
səviyyədən ibarətdir. Səviyyələrarası keçidlər üçün 19 eskalator,
fiziki imkanları məhdud sərnişinlər üçün isə 5 lift nəzərdə
tutulub. Stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq. Hazırda
onların ikisinin inşası başa çatdırılıb, digərlərində isə işlər
davam etdirilir.