
Bakı. Trend:
Dünya siyasəti absurd teatrı xatırladır – burada faciə ilə
komediya bir səhnədə oynanır, baş rejissor Tarixisə amansız hökmünü
verir. Bu gün öndəki əsas müttəhim Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasıdır. Onun “məhkəmə”si rutin hüquqi prosedur
deyil, Qarabağın döyüş meydanlarında, Qəzzanın xarabalıqlarında və
aclıqdan əzab çəkən afrikalıların məhzur baxışlarındakı dramdır. Bu
məhkəmədə ittiham tərəfinin əsas şahidi isə Azərbaycan oldu – ağrı
və qürurla nəfəs alan tarixi ilə BMT-nin öz solmaqda olan simasını
gördüyü canlı aynası.
5 il. Sadəcə, 5 il. Siyasətdə təkcə xronoloji dönəm yox, bütöv
bir dövrdür. Bu zaman kəsiyi kürsülərdən səsləndirilən proqnozların
qanlı reallığa çevrilməsi üçün kifayətdir. Və Azərbaycan Prezidenti
İlham Əliyevin Nyu-Yorka səfəri sadə diplomatik vizit, prosedur
deyil. Bu, informasiya məkanına yönəlmiş son, ümidsiz, amma tam
dəqiq xəbərdarlıq atəşinin açıldığı məkana qayıdış idi. Əslində bu
dönüş – vaxtilə eşidilmək istənilməyən tərəfin tarixi revanşının
səssiz, amma danışan aktıdır.
5 il öncə. 21 sentyabr 2020-ci il. Pandemiya dövrünü yaşayan
bəşəriyyət dünya liderlərini ekranlardan dinləyirdi. Bu virtual
formatda Prezident İlham Əliyevin BMT-nin 75 illiyindəki çıxışı
soyuq, dəqiq siyasi diaqnoz aktına çevrildi. Diplomatlara xas
ifadələr yox idi – terminal mərhələyə girən münaqişənin
simptomlarının aydın siyahısı vardı.
Bəs, dünya sülhünün ali keşikçisi sayılan, nizamnaməsi “Biz,
Birləşmiş Millətlər xalqları, gələcək nəsilləri müharibə bəlasından
xilas etməyə qətiyyət göstərərək…” sözləri ilə başlayan
Təhlükəsizlik Şurası nə etdi? Cavab – kar sükut. Nə fövqəladə
iclas, nə də qabaqlayıcı missiyalar. Müharibənin qarşısını almaq
üçün yaradılan sistem öz iflicini nümayiş etdirdi. O vaxt, hələ
sentyabrda, BMT-nin Təhlükəsizlik Şurası artıq canlı mexanizm yox,
bahalı kostyum geyinmiş maneken idi.
27 sentyabr 2020. Sadəcə, 6 gün sonra. İkinci Qarabağ müharibəsi
başladı. Proqnoz qorxunc dəqiqliklə gerçəkləşdi. Amma bu həqiqətdə
zəfər yox idi, acı vardı – uzun illərin diplomatiyası, BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884 saylı,
1993-cü il) – hamısı kağız üzərində qalmışdı. Qətnamələr işğalçı
qüvvələrin çıxarılmasını tələb edirdi, amma arxivlərdəki mətnlər
kimi onları toz basmışdı: hamı qəbul edir, amma heç kim icra
etmirdi. BMT öz qərarlarının icrasını təmin edə bilmədi. Bu, sadəcə
uğursuzluq deyildi – institusional iflas idi.
Onda Azərbaycan beynəlxalq hüququn çərçivəsində yeganə mümkün
addımı atdı – özünümüdafiə hüququnu həyata keçirdi. 44 günlük Vətən
müharibəsi “təcavüz aktı” yox, təcavüzkarı sülhə məcbur etmə və
hüququn aliliyini bərpa etmə addımı idi. Müasir, yüksək
texnologiyalı gücə çevrilmiş Azərbaycan ordusu oğullarının qanı
bahasına 30 ildə diplomatların və sülhməramlıların bacarmadığını
reallaşdırdı. Bu, bütün dünya üçün acı dərs oldu: sistem hərəkətsiz
qalanda, suveren dövlətin yalnız haqqı deyil, həm də borcu var –
vətəndaşlarını qorumaq.
Azərbaycanın qələbəsi təkcə hərbi yox, həm də hüquqi zəfər idi.
Çox nadir hallarda bir ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarını
təkbaşına icra edir. Faktiki olaraq, Azərbaycan BMT-nin işini gördü
və sübut etdi: beynəlxalq hüquq – abstraksiya deyil, qorunmalı və
tətbiq olunmalı real mexanizmdir.
Azərbaycan nümunəsi BMT-nin faciəsi deyil, qlobal xəstəliyin
simptomudur. Bu xəstəliyi artıq dünyanın bir çox liderləri diaqnoz
qismində qəbul ediblər. ABŞ prezidenti Donald Trampın vaxtilə
dediyi kimi, o, heç bir BMT dəstəyi olmadan münaqişələri həll edə
bildiyini bəyan edəndə, bu sözlər təşkilatın banilərindən və ən iri
donorundan çıxmış ölüm hökmü idi.
Məsələnin kökü isə 1945-ci ildə dondurulmuş memarlıqda gizlidir.
Təhlükəsizlik Şurası beş daimi üzvün (P5) veto hüququ ilə sülh
alətindən daha çox, geosiyasi oyun meydançasına çevrilib. Hər hansı
əməli təşəbbüs dərhal hansısa dövlətin öz vassallarını və
maraqlarını qorumaq naminə qoyduğu veto ilə bloklanır. Beləliklə,
BMT tənqidçilərinin dediyi kimi “diskussiya klubu”na çevrilmək
riski daşıyır. Bir yerdə Ruandadakı soyqırımı haqqında çıxışlar
edilir – hadisədən sonra. Başqa yerdə Srebrenitsada mülki əhalinin
müdafiəsi haqqında qətnamə qəbul olunur – soyqırım bitəndən sonra.
İllərlə Suriya faciəsi müzakirə edilirdi, amma qan axını
dayandırıla bilmirdi.
Bu günkü Təhlükəsizlik Şurası – siyasi anaxronizmdir, sanki
zaman maşınından çıxmış sümük qalıqlarıdır. Onun tərkibində 1,5
milyard əhalisi olan Afrikanın daimi təmsilçisi yoxdur, Latın
Amerikası da yox sayılır. Avropa isə Fransa, Böyük Britaniya və
Rusiya timsalında beş kreslodan üçünü tutur. Bu, XXI əsrin real
dünya xəritəsinin kobud təhrifidir. Afrikanın səsi, müsəlmanların
təmsilçiliyi, qlobal Cənubun mövqeyi – taleyüklü qərarların qəbul
olunduğu masada ümumiyyətlə eşidilmir. Bu, elə bil müasir
meqapolisi hələ at arabaları dövründəki yol qaydaları ilə idarə
etmək kimidir – nə işıqfor var, nə də avtomobil.
Hər bir məzmunlu qərar beş daimi üzvün hamısının razılığını
tələb edir. Bu isə o deməkdir ki, tək bir dövlət bəşəriyyətin
mütləq əksəriyyətinin iradəsini bloklaya bilər. Biz bunu
2024–2025-ci illərdə aydın görürük: ABŞ Qəzza ilə bağlı qətnamələri
əngəlləyir, Rusiya isə KXDR-ə qarşı sanksiya mexanizmini iflic
vəziyyətinə salır. Veto – ehtiyatlılıq aləti deyil, diplomatik nüvə
şantajının vasitəsidir. Bu, “padşahların” hüququdur, “köləlik”
mövqeyində saxlanılan Baş Assambleyanın fonunda.
“Penholderlik” sistemi ABŞ, Böyük Britaniya və Fransaya qətnamə
layihələrinin hazırlanmasında monopolya verdi. Digər üzvlər,
xüsusilə də seçilənlər, sənədlərin məzmununa ilkin mərhələdə təsir
etmək imkanından məhrum edildilər. Onların taleyi sadəcə hazır
mətni səsverməyə çıxarmaqdır – özgə tamaşasında ikinci dərəcəli
aktyorlar kimi.
BMT bu gün parçalanmış, çoxqütblü dünyanın güzgüsünə çevrilib.
Bu güzgüdə bəşəriyyətin fundamental məsələlərdə anlaşa bilməməsi
aydın görünür. Amma dünya parçalanıbsa, bu, ədalətin mövcud
olmadığı anlamına gəlmir. Azərbaycan 2020-ci ildə sübut etdi:
ədalət əlçatandır – bəzən ona çatmaq üçün ən kəskin addımları atmaq
lazım gəlir.
Qarabağ münaqişəsinin tarixçəsi təkcə regional problem deyildi –
bu, qlobal idarəçilik sisteminə yönəlmiş fundamental çağırış idi.
Bu gün Nyu-Yorkdakı BMT qərargahının dəhlizlərində dolaşan əsas
sual budur: öz əsas funksiyalarını yerinə yetirə bilməyən
təşkilatla nə etməli? Azərbaycan təcrübəsi isə sərt, amma aydın
cavab verir: dərin struktur islahatlar olmadan BMT bahalı və
faydasız reliktə çevrilmə riski ilə üz-üzədir.
Bütün planetin müxtəlif guşələrindən islahat tələb edən səslər
yüksəlir. Afrika qitəsi iki daimi yer istəyir – bu, “Ezulvini
konsensusu” adlanır. “Böyük dördlük” – Almaniya, Hindistan,
Braziliya və Yaponiya – Təhlükəsizlik Şurasının
genişləndirilməsinin tərəfdarıdır. İtaliya və Pakistanın da daxil
olduğu “Uniting for Consensus” koalisiyası isə seçilən üzvlərin
sayının artırılmasını tələb edir. Bütün bunlar bir mesaj verir:
dünya artıq İkinci Dünya müharibəsindən sonra yaradılan strukturu
qəbul etmir, yeni balans tələb edir.
Birinci mərhələ – sürətli tədbirlər, yəni
Nizamnaməyə toxunmadan həyata keçirilə bilən “lokal cərrahiyyə”.
Burada üç istiqamət diqqət çəkir.
Birincisi – soyqırımı və kütləvi qırğın hallarında veto hüququnun
könüllü moratoriumu. Bu, Fransa və Meksikanın təşəbbüsüdür və daimi
üzvlərin vicdanına testdir.
İkincisi – “penholder”lərin monopoliyasının dağıdılması və qətnamə
layihələrinin hazırlanmasında rotasiyanın tətbiqi. Beləliklə, digər
ölkələr də səs qazanacaq.
Üçüncüsü – hər hansı vetonun məcburi ictimai əsaslandırılması. Bu,
hüquqi və humanitar qiymətləndirmə ilə müşayiət olunmalıdır ki,
dünya görsün – kim və niyə həyatların xilasını bloklayır.
İkinci mərhələ – orta müddətli tədbirlər, başqa
sözlə, sistemin “yenidən proqramlaşdırılması”. Burada əsas ideya
bloklama mexanizminin mürəkkəbləşdirilməsidir.
“İki açar” modeli vetonun yalnız ən azı iki daimi üzvün dəstəyi ilə
qüvvəyə minməsini nəzərdə tutur. Digər variant – “təxirə salınmış
veto”: vetonu qoyan tərəf alternativ mətn təqdim etmədən, təkrar
səsvermə keçirilə bilməz. Bundan əlavə, münaqişənin tərəfi olan
daimi üzvün səsvermədə iştirakdan imtina etməsi vacib prinsip ola
bilər – heç kim öz işində hakim ola bilməz.
Üçüncü mərhələ – uzunmüddətli tədbirlər, yəni
yeni binanın inşası. Burada söhbət Təhlükəsizlik Şurasının 25–26
üzvə qədər genişləndirilməsindən, Afrikadan, Latın Amerikasından,
Hindistandan və Braziliyadan yeni daimi üzvlərin əlavə edilməsindən
gedir. İlk mərhələdə bu üzvlərə veto hüququ verilməməsi təklif
olunur ki, islahatların qarşısı alınmasın. Afrika yerlərinin
Afrikanın özü tərəfindən namizəd göstərilməsi və Baş Assambleya
tərəfindən təsdiqlənməsi prosesi legitimləşdirəcək.
Prezident İlham Əliyevin Nyu-Yorka səfəri artıq kömək çağırışı
deyildi. Bu, görülmüş işlərin hesabatı və yeni status-kvonun soyuq
analizi idi. Amma eyni zamanda beynəlxalq ictimaiyyətə səssiz, amma
dağıdıcı bir xatırlatma idi: “Biz sizi xəbərdar etmişdik. Siz
eşitmək istəmədiniz. İndi nəticə budur.”
Bu dərs unudulmamalıdır. Çünki növbəti böhran, növbəti
xəbərdarlıq başqa bir regiondan gələ bilər. O vaxta qədər BMT
Manhettenin memarlıq bəzəyinə çevriləcəkmi, yoxsa ikinci nəfəsini
tapacaq – bu, dünyanın refleksiya qabiliyyətindən asılıdır.
Azərbaycan öz payına düşən işi görüb – ədaləti bərpa edib. İndi
növbə BMT-yə çatıb: o, hələ siyasi dinozavra çevrilmədiyini sübut
etməlidir. Təhlükəsizlik Şurasının islahatı – kosmetik dəyişiklik
deyil, beynəlxalq təhlükəsizlik sisteminin yaşayıb-yaşamayacağı
məsələsidir. Ya leviatan yeni əsrin sularında üzməyi öyrənəcək, ya
da tarix dalğaları onu da əvvəlkilər kimi amansızlıqla udacaq. Vaxt
isə daralır.

