
Bu ilin əvvəlində cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bir sıra layihələrin tikinti-quraşdırma işlərinə start verilib.
Metbuat.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda aparılan əsas işlərdən biri də Bənövşəyi xəttin beşinci, ümumilikdə isə Bakı metro şəbəkəsinin 28-ci stansiyası olacaq “B4” stansiyasının tikintisidir. Stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı şəhər xəstəxanasının arasındakı Cəlil Məmmədquluzadə küçəsində yerləşir:
“Tikinti-quraşdırma işləri qrafikə uyğun olaraq sürətlə davam etdirilir. Stansiya coğrafi baxımdan 31 metr dərinlikdə inşa olunur. Bura qədər səkkiz noyabr və B4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunellərinin tikintisi tam başa çatdırılıb. Dəmir yolu xətti çəkilib, stansiyanın dəmir-beton konstruksiya işləri icra olunub. Layihəyə əsasən, stansiyada 19 eskalator və 5 lift quraşdırılacaq. Almaniya istehsalı olan bu avadanlıqlar artıq tam təchiz edilib, eskalatorlardan 12-si quraşdırılıb. Stansiyanın 4 çıxışından ikisi tam inşa edilib, digər iki çıxışda isə işlər davam edir. Elektrik yarımstansiyasının avadanlıqları Avropa istehsalçısı tərəfindən təchiz edilib və hazırda montajı həyata keçirilir. Platformanın uzunluğu 144 metrdir və burada Bənövşəyi xətt üzrə hər biri 7 vaqondan ibarət qatarların hərəkəti təmin olunacaq. Stansiyanın tikinti-quraşdırma işlərinin tamamlanması və istismara verilməsi gələn ilin sonunadək planlaşdırılır”.
Sevinc
İbrahimzadə / Metbuat.az

