
Bakı: Trend:
“Bakı Metropoliteni”ndə yeni tədris mövsümündən başlayaraq iş
günlərində günün pik saatlarında olmaq şərtilə, hərəkət qrafiki 28
May stansiyasından Əhmədli stansiyasına qədər 1 dəqiqə 45 saniyə
elan olunub.
Bunu Trend-ə
açıqlamasında Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov
deyib.
O bildirib ki, Bakı Metropoliteninin bu gün əsas problemi yaşıl
və qırmızı xətlərin 28 May stansiyasında kəsişərək
birləşməsidir.
“Bu səbəbdən artıq 28 May stansiyasından İçərişəhər və Dərnəgül
istiqamətində qatarların hərəkəti pik saatlarda iki dəfə artır,
yəni interval 3 dəqiqə 30 saniyəyə çatır. Lakin Bakı
Metropolitenində bu kimi hallarla bağlı əlavə tənzimləmə tədbirləri
də mövcuddur. Məsələn, yalnız bir istiqamət üzrə götürsək, səhər
saatlarında Memar Əcəmi xəttində iki xüsusi sıx stansiya var: 20
Yanvar və Koroğlu. 20 Yanvar stansiyası ilə yanaşı, son dövrlərdə
sərnişin axını çox olan Memar Əcəmi və İnşaatçılar stansiyalarında
sıxlığı tənzimləmək məqsədilə səhər saat 08:00-dan 09:00-a qədər
Memar Əcəmi stansiyasından iki qatar geri qaytarılır. Bu zaman
Memar Əcəmi-Dərnəgül istiqamətində qeyd etdiyim interval iki dəfə
artır”.
Bəxtiyar Məmmədov əlavə edib ki, həmin sahədə metronun texniki
imkanlarına görə əlavə qatar buraxmaq mümkün deyil. Lakin bu
istiqamətdə də sərnişin axını üzrə xüsusi monitorinqlər
aparılır:
“Sıxlığın yaranması və sərnişin tələbatı daim nəzarətdə
saxlanılır. Məsələn, səhər saatlarında Neftçilər istiqamətindən
Koroğlu istiqamətinə hərəkət edən xətt üzrə ən sıx stansiya məhz
Koroğludur. Bu səbəbdən saat 08:00-09:00 aralığında sərnişin
axınını tənzimləmək məqsədilə bir qatar sərnişinsiz şəkildə Koroğlu
stansiyasına göndərilir. Yəni, qatar Neftçilər stansiyasından
sərnişin götürmədən çıxır, Koroğlu stansiyasına çatdıqdan sonra isə
sərnişinlərlə yola davam edir”.

