
Bakı. Trend:
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci
sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar
səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun
və nüfuzunun bariz göstəricisidir. Bu səfər həm Azərbaycanın milli
maraqlarının müdafiəsi, həm də qlobal çağırışlara töhfə verməsi
baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə
Salmanova deyib.
Deputat bildirib ki, BMT Baş Assambleyası dünya dövlətlərinin
liderlərinin, hökumət başçılarının və beynəlxalq təşkilat
nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır:
“Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda
dövlətlərin mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların
qurulması və strateji təşəbbüslərin irəli sürülməsi üçün geniş
imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri
Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv mövqeyini
göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm
də qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul
olunur”.
Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevin
dünya dövlətlərinin liderləri və hökumət nümayəndələri, nüfuzlu
təşkilatların rəhbərləri ilə görüşləri diqqət mərkəzindədir:
“Bu görüşlər Azərbaycanın xarici siyasətində balanslı, müstəqil
və milli maraqlara söykənən kursunun uğurla davam etdirildiyini
göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi,
nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə
mübarizə, regional sülh və təhlükəsizlik məsələlərini əhatə edir.
Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə böyük maraqla
qarşılanır, çünki ölkəmiz həm etibarlı tərəfdaş, həm də yeni
əməkdaşlıq imkanlarının açarı kimi tanınır”.
S.Salmanova son illərdə Azərbaycan diplomatiyasının həm
regional, həm də qlobal miqyasda mühüm uğurlar əldə etdiyini
bildirib:
“Enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji
təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi
nəqliyyat layihələri isə Şərqlə Qərb arasında strateji körpü rolunu
oynayır. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi
ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqidir.
Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal
ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli
tərəfdaş olduğunu sübut edir”.
Parlamentari söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan bu gün regionda aparıcı gücə
çevrilib:
“Qarabağda əldə edilən tarixi Qələbə, sonrakı dövrdə sülh
təşəbbüsləri və beynəlxalq diplomatik platformalarda aparılan
ardıcıl iş dövlət başçısının liderliyinin bariz nümunəsidir. Hesab
edirəm ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci
sessiyasında iştirakı Azərbaycanın qlobal miqyasda güclənən
mövqeyinin və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu səfər
həm ölkəmizin milli maraqlarının müdafiəsinə, həm də qlobal
əməkdaşlıq proseslərinə mühüm töhfə verir. Azərbaycan artıq dünya
birliyində yalnız bir iştirakçı deyil, prosesləri
istiqamətləndirən, təşəbbüslər irəli sürən və gələcəyin beynəlxalq
gündəliyinin formalaşmasında fəal rol oynayan mühüm aktora
çevrilib”.

