
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC
(ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə
bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk
dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Trend xəbər verir ki, bu barədə ADY məlumat
yayıb.
Bildirilib ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145
illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən
müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu
üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola
düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat
07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək
08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci
yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat
17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq.
Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə
olacaq.
Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər,
Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə
biləcəklər.
Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə
səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində
biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa
istiqamətində isə 6,80 AZN təşkil edəcək.
Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana
biləcəklər.
Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi
veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək
mümkündür.
ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin
olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında
yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər
stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı
yenilənib.
Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi
nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir.
İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə
yaxın sərnişin daşınacaq.