Türkiyənin nüfuzlu universitetlərinin rektorları Diaspor Komitəsində olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Türkiyənin Şərqi Anadolu bölgəsindəki
universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin
rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimi
salamlayan Fuad Muradov Azərbaycan və Türkiyə prezidentlərinin
dostluq münasibətlərinin xalqlar və millətlər arasındakı mövcud
bağları daha da möhkəmləndirdiyini, bütün sahələrdə birgə
fəaliyyətə stimul verdiyini qeyd edib.

Komitənin həyata keçirdiyi layihələrin, xüsusilə Şərqi Anadoluda
reallaşan layihə və görüşlərin müsbət nəticələri barədə məlumat
verilib, ali məktəblərlə səmərəli əməkdaşlığın, elm adamlarının
yetişdirilməsinin və üzə çıxarılmasının vacibliyindən
danışılıb.

Dövlət başçısının Dünya Azərbaycanlılarının Şuşada keçirilən V
Zəfər Qurultayındakı tarixi nitqində səsləndirdiyi “Əlbəttə, biz
hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki,
xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı
olsunlar” fikrini xatırladan komitə sədri əslən Qərbi Azərbaycandan
olan, hazırda Şərqi Anadoluda yaşayan soydaşlarımızla bağlı həyata
keçirilən layihələrə, onlarla görüşlərə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan
məmnunluq duyduqlarını, bu səfərin onlar üçün böyük əhəmiyyət
daşıdığını dilə gətirib, səfərə göstərilən dəstəyə görə
minnətdarlıqlarını bildirib, eyni dil, din və mədəniyyət daşıyıcısı
olmağımızın üstünlüklərindən danışıblar.

Müxtəlif ali məktəblərin rektorları Şərqi Anadolu bölgəsində
yaşayan azərbaycanlıların Türkiyənin elm və mədəniyyətinə böyük
töhfələr verdiyini, heç bir assimilyasiyaya məruz qalmadan
cəmiyyətin ayrılmaz parçasına çevrildiyini deyiblər. Nümayəndə
heyətinin üzvləri bu günə qədər həyata keçirilən layihə və
görüşlərin əhəmiyyətinə diqqət çəkib, səmərəli tərəfdaşlığın davam
etdirilməsinin vacibliyini söyləyiblər.




Görüşdə türkdilli dövlətlərin vahid diasporunun yaradılması,
Azərbaycan və Türkiyənin “yumşaq güc”ünün daha da möhkəmlənməsi,
DİDK-nın Türkiyədə yaşayan azərbaycanlılarla əlaqələrinin
intensivliyi, universitetlərlə ortaq layihələrin həyata
keçirilməsi, Şərqi Anadoluda yaşayan azərbaycanlıların ali təhsilə
maraqlarının artırılması istiqamətində fikir mübadiləsi
aparılıb.

Komitə sədrinin Qars və İğdır bölgələrinə səfəri zamanı oradakı
Azərbaycan icması ilə, eləcə də hər iki bölgənin rəsmi şəxsləri ilə
görüşdüyü, həmçinin Qars Qafqaz Universitetini ziyarət etdiyi, ali
məktəbin müəllim və tələbə heyəti ilə yaxından tanış olduğu nəzərə
çatdırılıb. Bununla yanaşı, komitənin mütəmadi olaraq Türkiyədəki
diaspor təşkilatları ilə birgə 20 Yanvar faciəsi, Xocalı soyqırımı
və ölkəmizin digər önəmli günləri ilə bağlı kütləvi tədbirlər
keçirdiyi, müxtəlif şəhərlərdə bayram günləri münasibətilə böyük
konsert proqramları təşkil etdiyi xatırladılıb. Həmin tədbirlərdə
minlərlə azərbaycanlının, eləcə də türklərin və ölkəmizi sevən
digər xalqların nümayəndələrinin iştirak etdiyi vurğulanıb. Yaxın
vaxtlarda Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərinin
forumunun keçirilməsinin də planlaşdırıldığı bildirilib.

Qonaqlara İğdır Azərbaycan Evinin uğurlu fəaliyyəti haqqında
danışılıb və ümumilikdə 20 ölkədəki 31 Azərbaycan Evinin xaricdə
yaşayan soydaşlarımızın birliyinin möhkəmlənməsi, onların ana
dilini, milli adət-ənənələri qoruyub saxlamaları üçün yeni imkanlar
yaradan əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, nümayəndə heyətinə İğdır Azərbaycan Evinin rəhbəri
Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars
Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh
Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen
Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal
Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki
Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl
Universitetinin rektoru Hamdullah Şevli, Ardahan Universitetinin
rektoru Öztürk Emiroğlu daxildir.

Bir neçə gün ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə
heyətinin Qarabağın müxtəlif bölgələrinə səfərləri, regionun
nüfuzlu ali məktəblərindən olan Qarabağ Universitetinin kollektivi
ilə görüşləri də nəzərdə tutulur.