“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Trend xəbər
verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə
Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş,
Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv
axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə
verilib.

“Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni
intellekt Strategiyası”nın icrası məqsədilə hazırlanmış bu süni
intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan
təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən
biridir.

Təqdimat mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov,
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov,
aidiyyəti qurumların nümayəndələri, hüquqşünaslar və media
nümayəndələri iştirak ediblər.

“E-qanun.ai” Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin birgə müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON
Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən
hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına
əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış
platformasıdır.

İstifadəçilər üçün sürətli təhlil və dəqiq nəticə təqdim edən
platforma hüquqi sahədə yaranan suallara operativ və etibarlı
şəkildə cavab əldə edilməsini hədəfləyir.




Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan
və anlaşılan olmasını təmin etməkdir.

Burada istifadəçilər hüquqi məlumatı mətnə, mənaya görə və ya
hibrid formada axtara, onun süni intellekt əsaslı təhlilini
görüntüləyə və əvvəlki axtarışlarının tarixçəsinə öz şəxsi
hesablarında baxa bilərlər.

Platformanın bazasında normativ hüquqi aktlar, normativ
xarakterli aktlar, qeyri-normativ hüquqi aktlar və rəsmi mətnlər
mövcuddur.

Platformanın əsas üstünlüyü süni intellekt texnologiyası ilə
axtarış nəticəsinin təhlili, anlaşılan, qısa xülasənin istifadəçiyə
təqdim olunması, nəticələrin filtrlənməsi, qovluqlarda
saxlanılmasıdır.

Platforma həm də hüquqşünaslar və əlaqəli sahədə çalışan hər kəs
üçün iş prosesini sadələşdirməyi hədəfləyir.

Növbəti mərhələdə platforma istifadəçilərinin, eləcə də
hüquqşünasların ehtiyaclarına uyğun və onların işini daha da
asanlaşdıracaq təkmil funksiyaların təqdim olunması nəzərdə
tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir