
Bakı. Trend:
Sentyabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın
mətbuata müsahibəsinin sübut kimi tədqiq olunması ilə davam
etdirilib.
Trend xəbər
verir ki, müsahibədə M.Qriqoryan Ermənistanın keçmiş prezidentləri
Rovert Koçaryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin
vaxtilə işğal edilməsində iştirakından da danışıb.
O, Ermənistandan yüksək rütbəli hərbçilərin, general və
polkovniklərin həmin vaxt işğal altında olan Azərbaycan
ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də
söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən
gəlmiş Artuşa olduğunu deyib.
M.Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin
talan edildiyini də etiraf edib və deyib: “Başladıq türklərin
kəndlərini tutmağa. Girirdik, kəndləri dağıdırdıq, məhv
edirdik.
Onlara (azərbaycanlıları) qarşı terror əsdirirdik, onları
terrora məruz qoyurduq”.
M.Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın
komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar
Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə
Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib.
Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal
edblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

