
Bakı. Trend:
Layihəmizin əsas məqsədi universitetlərimizin Qarabağ
Universitetinə hansı töhfələri verə biləcəyini müzakirə
etməkdir.
Bu sözləri Trend-ə açıqlamasında İğdır Azərbaycan Evinin rəhbəri
Ziya Zakir Acar deyib.
O bildirib ki, layihə çərçivəsində görüşlər çox uğurlu
keçib:
“Can Azərbaycan ilə mədəni layihələrimizi həyata keçirmək
məqsədilə başladığımız layihə çərçivəsində Azərbaycana səfərimiz
başladı. İlk olaraq proqramımıza və layihəmizə dəstək verən
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, hörmətli Fuad Muradovla
görüş keçirdik. Bizimlə toplantı keçirərək ən gözəl qonaqpərvərlik
nümunəsini göstərən hörmətli sədrə təşəkkür edirik. Bu görüşdə çox
gözəl layihələr ortaya qoyuldu. Xüsusilə layihəmiz çərçivəsində
bizimlə birgə hərəkət edən, bizimlə Azərbaycana səfər edən Erzurum,
İğdır, Ağrı, Van, Qars, Artvin, Ardahan və Bolu Universitetlərinin
rektorları arasında çox maraqlı layihələr təqdim olundu. Görüşümüz
uğurlu keçdi”.
“Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinə səfərimiz baş
tutdu. Ardınca Elm və Təhsil Nazirliyini ziyarət etdik. Allah
qismət etsə, əsas məqsədimiz, layihəmizin əsas məqsədi – Qarabağ
Universitetini ziyarət etmək, 8 universitetimizin bu Qarabağ
Universitetinə hansı töhfələri verə biləcəyini müzakirə etmək,
orada müvafiq işləri həyata keçirməkdir. Qismət olsa, ora gedəcəyik
və bu fəaliyyətlərimizi gerçəkləşdirəcəyik. Oradakı məqsədimiz
gənclərimizə milli ruhumuzu, Türkiyə–Azərbaycan qardaşlığını
aşılamaq və yeni açılan Qarabağ Universitetinə rektorlar olaraq,
universitetlər olaraq hansı töhfələri verə biləcəyimiz mövzusunu
müzakirə etməkdir”,- deyə o qeyd edib.
Xatırladaq ki,Türkiyənin Şərqi Anadolu bölgəsindəki
universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin
rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti Azərbaycanda
səfərdədir.