Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan
İordaniya Haşimilər Krallığı İctimai Təhlükəsizlik Baş İdarəsinin
Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini briqada generalı
Məhəmməd Mahmud Əl-Ömərinin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə
qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov
ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq
münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi və
mülki müdafiə sahəsində əlaqələrin genişləndirilməsinin hər iki
tərəf üçün faydalı olduğunu vurğulayıb. Bu mənada, cari ilin aprel
ayında İordaniya Haşimilər Krallığına rəsmi səfərini xatırladan
nazir K.Heydərov səfər çərçivəsində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti
arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq
haqqında Saziş”in iki ölkənin uyğun qurumları arasında əlaqələrin
inkişafı baxımından əhəmiyyətini qeyd edib:

“Nazir ölkəmizdə fövqəladə hallarla mübarizə və mülki müdafiə
sahəsində görülən işlərdən danışıb, qarşılıqlı təcrübə
mübadiləsinin əhəmiyyətinə toxunub. Əminlik ifadə edilib ki,
hazırki səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr
qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafına
əlavə təkan verəcəkdir. Bu çərçivədə, fövqəladə halların idarə
edilməsi və mülki müdafiə sahəsində yüksək ixtisaslı
mütəxəssislərin hazırlanması, təlim və tədris sahəsi üzrə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası
ilə İordaniya Haşimilər Krallığının müvafiq təhsil müəssisələri
arasında əməkdaşlığın formalaşdırılması üçün yaxşı imkanların
mövcud olduğu bildirilib”.




Vurğulanıb ki, səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü
bildirən İordaniya Haşimilər Krallığının İctimai Təhlükəsizlik Baş
İdarəsinin Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini briqada
generalı Məhəmməd Mahmud Əl-Öməri iki ölkənin fövqəladə hallarla
mübarizə və mülki müdafə sahəsində cavabdeh qurumları arasında
münasibətlərin genişləndirilməsindən məmnunluq ifadə edib, müxtəlif
istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsinin qarşılıqlı faydasını
vurğulayıb. Qonaq ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin
və müzakirələrin məhsuldar olacağına, əlaqələrin inkişafına töhfə
verəcəyinə əminliyini bildirib. O, həmçinin Azərbaycan FHN-in
nümayəndəsinin cari ilin iyul ayında keçirilmiş seçkilərdə
yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi
seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş
idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində
tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində İordaniya nümayəndə heyəti
FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların
fəaliyyətləri ilə yerində tanış olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir