
Bakı. Trend:
İctimai iaşə müəssisələrində, ailəvi istirahət məkanlarında
vəhşi heyvan və quşların saxlanılması və nümayiş etdirilməsi
hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının
alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə
Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən “Qədir
Xum”, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq
keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı restoranlarda olan vəhşi heyvan
və quşların növü, eləcə də miqdarı müəyyən edilib.
Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət
ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan
parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə
təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya
tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun
zəruri tədbirlər görüləcəyi bildirilib.