Universitetlər və sənaye arasında əməkdaşlıq innovasiyalar üçün yeni imkanlar açır – Bəxtiyar Aslanbəyli

Baş səhifə

Bakı. Trend:

Universitetlər və sənaye arasında qarşılıqlı fəaliyyət
texnologiyanın sürətli tərəqqisi şəraitində xüsusi əhəmiyyət kəsb
edir.

Trend xəbər verir
ki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici
əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA
Universitetində keçirilən “I Azərbaycan Britaniya Siyasi Dialoqu”
adlı tədbirdə çıxışı zamanı deyib.

“Universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlıq indiyə
qədər heç vaxt bu qədər aktuallıq qazanmayıb. Biz nəhəng texnoloji
nailiyyətlərin – rəqəmsallaşmanın və yeni texnologiyaların tətbiq
olunduğu bir dövrdə yaşayırıq. Bu texnologiyalar həyatımızın
müxtəlif sahələrinə -sosial sahəyə, iqtisadiyyata və ya sənayeyə
təsir edir və gələcəkdə də təsir edəcək”, – deyə o bildirib.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, məhz bu kontekstdə birgə
tədqiqatlar və innovasiyalar üçün böyük imkanlar açılır.




“Hər bir sahədə əhəmiyyətli tədqiqat potensialı mövcuddur və
universitetlər onun reallaşmasında əsas rol oynaya bilərlər.
Universitetlərlə sənaye arasında dialoqu davam etdirmək vacibdir
ki, hər iki tərəf bu əməkdaşlıqdan maksimum faydalana bilsin”, –
deyə o əlavə edib.

Bundan savayı, onun sözlərinə görə, şirkət Azərbaycan Elm və
Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil proqramlarının
inkişafını dəstəkləyir.

“Bizim birgə bərpaolunan enerji proqramımız var — bu, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti ilə Böyük Britaniyanın Uorik
Universiteti arasında ikili diplom proqramıdır. Proqramın məqsədi
bərpaolunan enerji sahəsində yeni layihələri idarə edə bilən
mütəxəssislər yetişdirməkdir”,- deyə Bəxtiyar Aslanbəyli
yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir