Azərbaycan və Britaniya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də Milli Məclisin Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya
parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun üzvü
Səməd Seyidov qonaqları salamlayaraq, onları Milli Məclisdə
görməkdən məmnunluğunu bildirib. O, parlamentlərarası əlaqələrin
ölkələr arasındakı münasibətlərin inkişafına müsbət təsirindən
danışıb və iki ölkə arasındakı əlaqələrin tarixi, parlament
diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Fariz İsmayılzadə dövlətlərimiz arasında mövcud olan siyasi və
parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu
əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini
bildirib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Böyük
Britaniya parlamentinin Lordlar Palatasının üzvü Aamer Safraz bu
gün ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət
Dialoqunun səmərəli olduğunu bildirib. O qeyd edib ki, bütün
sahələrdə tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin
inkişafında mühüm rol oynayacaq.

Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
üzvləri Sevinc Fətəliyeva, Zaur Şükürov, Tural Gəncəliyev çıxış
edərək ölkələrimiz arasında münasibətlərin inkişafında müxtəlif
səviyyələrdə, o cümlədən diplomatik dialoqun önəmini qeyd ediblər.
Bildirilib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr
iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı, digər
sahələri də əhatə edir və qarşılıqlı etimada əsaslanan
münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.