
Bakı. Trend:
“Gənc Peşəkar Velosipedçilər” İctimai Birliyinin təqdimatı
keçirilib.
Sentyabrın 24-də “Velolider MMC”nin baş ofisində keçirilən
təqdimat dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra “Gənc
Peşəkar Velosipedçilər” İctimai Birliyinin (İB) məram və
məqsədləri, gələcək fəaliyyət istiqamətləri, eləcə də müsabiqə üzrə
qalib olduğu qrant layihələri, respublika əhəmiyyətli və beynəlxalq
idman yarışlarında əldə etdiyi naliyyətlər barədə ətraflı məlumat
verilib.
Trend xəbər
verir ki, tədbirdə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası
katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev,
İB-nin sədri Vüqar Salahov, Azərbaycan Triatlon Federasiyasının
vitse-prezidenti Rüfət Həsənov, Olimpiya çempionları Elnur Məmmədov
və Hidayət Heydərov, Olimpiya Oyunlarının bürünc və gümüş
medalçısı, dördqat Avropa çempionu Hacı Əliyev və dəvət olunan
digər qonaqlar çıxış edərək Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın ölkəmizdə idmanın inkişafı, beynəlxalq idman
yarışlarının təşkili, respublikanın idman nüfuzunun artırılması,
gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində
həyata keçirdikləri misilsiz xidmətləri qeyd ediblər.
Bildirilib ki, son illərdə dövlət tərəfindən velosiped idmanının
inkişafına göstərilən diqqət və qayğı öz növbəsində paytaxt Bakıda,
ölkənin digər şəhər və qəsəbələrində mikromobilliyin yaradılmasına
və genişləndirilməsinə güclü təkan verib, velosipedin ekoloji təmiz
nəqliyyat vasitəsi kimi populyarlığının daha da artmasına səbəb
olub. Çıxışçılar “Gənc Peşəkar Velosipedçilər” İB-nin ölkəmizdə
velosiped idmanının inkişafına artıq layiqli töhfələr verdiyini
vurğulayaraq, cəmiyyətdə sağlam həyat tərzinin təbliği və təviqi
kimi nəcib və vacib fəaliyyətin həyata keçirilməsində İB-yə uğurlar
arzulayıblar.
Tədbirin aparıcısı, İB-nin üzvü Firdovsi Kərimov ümumi
yığıncağın qərarı ilə Mədət Quliyevin “Gənc Peşəkar Velosipedçilər”
İB-nin fəxri sədri seçildiyini elan edib, Azərbaycan velosiped
idman tarixində ilk dəfə olaraq Türkiyənin Ankara şəhərində
keçirilən nüfuzlu “GranFondo Başkent” beynəlxalq velosiped
yarışında İB-nin üzvü Natalya Vallekin 1-ci yeri qazandığını və
İB-nin məşqçisi Musa Mikayılzadənin dəfələrlə müxtəlif turnirlərdə
uğurla çıxış etdiyini diqqətə çatdırıb.
İB-in sədr müavini Qədir Xəlilov qeyd edib ki, “Gənc Peşəkar
Velosipedçilər” İB-i Azərbaycan Respublikasının Gənclər Fondu
tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar keçirilən
qrant müsabiqəsinin qalibi olub. O, qrant layihəsi çərçivəsində
yaxın günlərdə Xankəndi-Şuşa marşrutu üzrə “Zəfərin izi ilə” adlı
veloyürüşün təşkil olunacağını və həmin tədbirdə 100-dən artıq
velosipedçinin iştirakının nəzərdə tutulduğunu bildirib. Bu
təşəbbüsün gənclərin idmana marağını daha da artırmaqla yanaşı,
eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda
qazanılmış şanlı Zəfərin tarixi əhəmiyyətini gələcək nəsillərə
çatdırmaq məqsədi daşıdığını bildirib.
Sonra İB-in nizamnaməsinə uyğun gələcək fəaliyyət planı üzrə
aşağıdakı hədəflər müəyyən edilib:
• Ekoloji layihələr: Velosiped idmanının ekoloji təmiz nəqliyyat
kimi təbliğ olunması;
• İnfrastrukturun inkişafı: Velosiped yollarının artırılması
üçün yerli hakimiyyət orqanları ilə birgə layihələr təşkili;
• Gənclərin cəlb edilməsi: 10000 gəncə velosiped idmanı ilə
tanış olmaq imkanının yaradılması;
• Beynəlxalq əməkdaşlıq: Avropa Velosipedçilər Federasiyası ilə
birgə layihələrin həyata keçirilməsi;
• Elektrovelosipedlər: Alternativ enerji mənbələri ilə işləyən
nəqliyyat vasitələrinin populyarlaşdırılması.
Tədbir İB-nin idman ictimaiyyətinə geniş təqdimatının və gələcək
layihələrin müzakirəsi ilə yekunlaşıb.