AYİB-in dəstəyi ilə Azərbaycanda hidrogen enerjisi strategiyası üzrə tenderə 13 şirkət qatılıb

Baş səhifə

Bakı. Trend:

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi
ilə hidrogen enerjisi istehsalı üzrə yeni mərhələyə başlayırıq.

Trend
xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna
Hümbətova Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan
və Mərkəzi Asiya” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bir ay ərzində məsləhətçi şirkət
seçiləcək:

“Artıq tender bağlanıb və 13 şirkət AYİB-ə təklif təqdim edib.
Hökumət də bu prosesin qiymətləndirilməsində iştirak edir.
Məsləhətçi strategiyanın icra planında iştirak edəcək. Bu plan isə
tənzimləmə, torpaqdan istifadə, bərpa olunan enerji mənbələrinin
bölgüsü və digər vacib məsələləri əhatə edəcək.




Məsələn, yaşıl hidrogen istehsalında bərpa olunan enerji
mənbələrinin birbaşa qoşulması tələb olunur. Bu, sertifikatlaşdırma
üçün vacibdir. Bu qərar bizdən asılı olmayıb, amma qaydalara uyğun
hərəkət etməliyik.
Hidrogen Azərbaycanda hələ də çox perspektivli sahədir. Lakin
düzgün yanaşma və tərəfdaşlıq burada həlledici olacaq”.

R. Hümbətova vurğulayıb ki, Azərbaycan artıq Gürcüstan,
Macarıstan, Rumıniya, eləcə də Qazaxıstan və Özbəkistanla
əməkdaşlıq sazişləri imzalayıb: “Bu sazişlərin tərkib hissəsi kimi
hidrogen də nəzərdə tutulur. Amma əsas məsələ hidrogenin erkən,
yoxsa gec mərhələdə tətbiq edilməsinə qərar verməkdir. Burada
Avropa İttifaqı tərəfdaşlarının mövqeyi bizim üçün çox önəmlidir.
Çünki əsas alıcı tərəf onlar olacaq.

Eyni zamanda, Avropanın 10 milyon ton daxili hidrogen istehsalı
və istifadəsi üzrə hədəflərini yerinə yetirməkdə çətinlik çəkdiyini
də eşitmişik. Bu isə idxal tələbatına da təsir göstərir. Avropa iki
ay əvvəl istehsalçı ilə alıcını birləşdirəcək xüsusi platforma
yaradıb. Biz də SOCAR-a müraciət etmişik ki, bu platformada iştirak
etsinlər. Onlar isə bu imkanları nəzərdən keçirəcəklərini
bildiriblər. Çünki bizim üçün əsas məsələ alıcıların
mövcudluğudur”.

“COP29 zamanı biz strateji baxışımızı elan etdik. Burada üç
ssenari nəzərdə tutulub. Hazırda balanslaşdırılmış ssenarinin daha
real olduğunu düşünürəm. Amma Azərbaycanın bərpa olunan enerji
potensialını nəzərə alaraq, ambisiyalı ssenarinin də mümkünlüyünü
istisna etmirik. Bütün məsələ tələb və alıcı tərəfə bağlıdır”, –
deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir