
Bakı. Trend:
Azərbaycan Avropanın 14 ölkəsinə və onun hüdudlarından kənara
təbii qaz tədarükünü etibarlı şəkildə davam etdirir.
Trend xəbər verir
ki, bunu ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya
siyasi dialoqu çərçivəsində çıxış edən Azərbaycanın Energetika
nazirinin müavini Orxan Zeynalov bildirib.
“Avqust ayında ukraynalı tərəfdaşlarımızın xahişi ilə biz
Ukraynaya mühüm qaz tədarükünü həyata keçirdik və bu, Trans-Balkan
marşrutu vasitəsilə uğurla çatdırıldı. Ardınca Suriyaya tədarük
başladı. Bu həcmlər ölkənin təhsil sahəsi də daxil olmaqla, əsas
infrastrukturunu dəstəkləmək üçün nəzərdə tutulub və bu, Azərbaycan
qazına tələbatın artdığını aydın şəkildə göstərir”, – deyə Zeynalov
vurğulayıb.
Onun sözlərinə görə, hazırkı dinamika Azərbaycanın yüksək ixrac
potensialını yalnız Avropada deyil, həm də onun hüdudlarından
kənarda nümayiş etdirir.
“Xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri Yaxın Şərq və
strateji enerji mərkəzi rolunda çıxış edə biləcək Türkiyədir.
Burada söhbət yalnız təbii qazın tədarükündən getmir, həm də təmiz
enerjinin Avropaya və Yaxın Şərqə çatdırılması marşrutlarının
inkişafından gedir. Bununla yanaşı, xüsusilə Səudiyyə Ərəbistanında
tətbiq edilə biləcək vakuum enerji həlləri kimi qabaqcıl
texnologiyaların imkanlarını da nəzərə almaq vacibdir. Bu
texnologiyalar “yaşıl” enerji layihələrinin hərəkətverici qüvvəsinə
çevrilə bilər”,- deyə nazir müavini əlavə edib.

