Məşhur restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Kolorit” restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar
olunub.

Trend xəbər
verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat
yayıb.

Bildirilib ki, monitorinq çərçivəsində Xətai rayonu, M.Hadi
küçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxış
zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda
saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən
edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya
heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil
verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər
baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar
verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə
uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.




Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə
müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və
nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və
quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və
bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davam
etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları
aşkarlandığı təqdirdə, Agentlik tərəfindən müvafiq inzibati
tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması
ilə bağlı monitorinqləri davam etdirir.