
Bakı. Trend:
Qlobal gündəmdə enerji keçidi artıq şüar deyil, sərt iqtisadi
zərurətə çevrilib. Bu reallıq ölkələrin və regionların mövqelərini
kökündən dəyişir. Hidrokarbon ehtiyatlarının tək başına dəyər
ölçüsü olduğu dövr geridə qalır. Səhnəyə xammal deyil, hazır, təmiz
enerji təklif edə bilən, yeni enerji dəhlizlərinin qovşağına
çevrilmək gücündə olan ölkələr çıxır. Bu mənada Azərbaycanın və
Mərkəzi Asiya dövlətlərinin imkanlarının strateji ittifaqı Avrasiya
məkanında yeni geo-iqtisadi gerçəklik formalaşdırır.
Azərbaycan tükənənlərlə yanaşı, nəhəng bərpa olunan resurslara
sahibdir və enerji siyasətini neft ənənələrinin varisinə yaraşan
soyuq, praqmatik hesabla qurur. Bakıda keçirilən “Yaşıl Energetika
Həftəsi 2025” çərçivəsində səslənən rəsmi bəyanatlar niyyət
deklorasiyası deyil, konkret layihələr, müddətlər və güclərlə
dəstəklənmiş ətraflı yol xəritəsidir.
Azad olunmuş torpaqlar bu gün yalnız ədalətin bərpasının simvolu
deyil, həm də gələcəyin poliqonudur. Dağıdılmış şəhərlərin və
kəndlərin xarabalıqları üzərində sadəcə yeni həyat qurulmur –
regionda analoqu olmayan yaşıl inkişaf modeli formalaşır. Məqsəd
odur ki, Qarabağ və Şərqi Zəngəzur özünü və bütün ölkəni günəş,
külək və su enerjisi ilə təmin etsin və bununla ekoloji gələcəyin
mərkəzinə çevrilsin.
Hələ 2021-ci ildə Azərbaycanın dövlət başçısı İlham Əliyevin
xüsusi sərəncamı qəbul edildi və Yaponiya şirkəti TEPSCO ilə
birlikdə yaşıl enerjinin həmin ərazilərə necə daxil olacağını
detallı göstərən sənəd hazırlandı. Söhbət yalnız elektrik
stansiyalarının tikintisindən getmir. Planlarda bütöv bir sistem
var: evlərin damlarında günəş panelləri, küçələrdə LED işıqlar,
yollarda elektromobillər, “ağıllı” enerji idarəetməsi və hətta
tullantılardan istilik və elektrik istehsalı.
Azərbaycan həmin il Qlazqoda keçirilən iqlim konfransında
bildirdi ki, əsrin ortalarınadək istixana qazı tullantılarını demək
olar yarıya qədər azaldacaq və azad edilmiş torpaqlarda “sıfır
emissiya zonası” yaradacaq. Deməli, burada təkcə yeni enerji
xəritəsi deyil, həm də yeni həyat fəlsəfəsi qurulur – təmiz,
ekoloji, keçmişin çirkli energetikasından azad bir fəlsəfə.
Bu rayonların potensialı möhtəşəmdir. Qubadlı, Zəngilan,
Cəbrayıl və Füzulidə günəşin verdiyi imkan 7200 meqavatdan çox
elektrik istehsalına yetərlidir. Laçın və Kəlbəcərin dağlarında
külək təxminən 2000 meqavat güc yarada bilər. Həkəri çayı və
Tərtərçayın qolları isə kiçik SES-lər üçün geniş perspektivlər
açır. Günəş, külək və suyun bu kombinasiyası azad edilmiş əraziləri
həqiqi “enerji xəzinəsinə” çevirir.
İlk nəticələr artıq göz önündədir. İstismara verilmiş dörd
hidroelektrik stansiya – “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”
və “Kəlbəcər-1” – fəaliyyət göstərir. İranla birlikdə Araz üzərində
iki güclü stansiya – “Xudafərin” və “Qız Qalası” tikilir. Yaxın
illərdə Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək parkı işə
düşəcək. Zəngilan-Cəbrayıl bölgəsində isə bp 240 meqavatlıq günəş
stansiyası inşa edir. Bütün bunlar artıq kağız üzərində planlar
deyil, regionun simasını dəyişən real addımlardır.
Bu gün tam əminliklə demək olar: Azərbaycanın azad edilmiş
torpaqları gələcəyin laboratoriyasına çevrilir. Dünən xaraba qalan,
onilliklərlə işğal altında saxlanılan yerlərdə bu gün stansiyalar,
elektrik xətləri və günəşlə işıqlanan yollar inşa olunur. Qarabağ
və Şərqi Zəngəzur artıq sadəcə Azərbaycanın bir hissəsi deyil, onun
yeni yolunun ürəyidir – enerji müstəqilliyi, ekoloji davamlılıq və
müasir inkişaf yolu.
Hazırkı mərhələ iri generasiya obyektlərinin nöqtəvi istifadəyə
verilməsi ilə xarakterizə olunur. Dövlət Bərpa Olunan Enerji
Mənbələri Agentliyinin direktor müavini Rəna Hümbətovanın qeyd
etdiyi kimi, birinci mərhələ – gücü 230 MVt olan Qaradağ Günəş
Elektrik Stansiyasının inşası – artıq reallaşdırılıb. Bu, ölkənin
beynəlxalq investorlarla tərəfdaşlıq şəraitində genişmiqyaslı
layihələri həyata keçirmək gücünü təsdiqləyən mühüm siqnal
oldu.
Əsl keyfiyyət sıçrayışı isə qarşıdakı iki ildə gözlənilir.
2025-ci ilin sonunadək gücü 240 MVt olan Xızı-Abşeron Külək
Elektrik Stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub.
2026-cı ildə isə ölkənin energetika sistemi güclü impuls qazanacaq:
Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) Günəş Elektrik
Stansiyaları, həmçinin 100 MVt gücündə “Qobustan” SƏS birlikdə 860
MVt “yaşıl” güc əlavə edəcək. 2027-ci il daha dörd obyektin
istifadəyə verilməsi ilə yadda qalacaq: Abşeron-Qaradağ Külək
Elektrik Stansiyası (240 MVt), “UFUQ” SƏS (50 MVt), “Şəms” SƏS (50
MVt) və “Şəfəq” SƏS (240 MVt).
Beləliklə, 2027-ci ilədək, Naxçıvanda icra edilən layihələr
nəzərə alınmadan, Azərbaycan ümumilikdə gücü 1,5 giqavatdan artıq
olan səkkiz yeni elektrik stansiyasını istifadəyə verəcək. Müqayisə
üçün: bu, böyük bir atom elektrik stansiyasının gücünə bərabərdir,
lakin sıfır istismar emissiyaları və davamlı olaraq azalan
generasiya maya dəyəri ilə. Bu göstəricilər eksperimental
layihələrdən milli iqtisadiyyatın yeni sahəsinin planlı şəkildə
formalaşmasına keçidi göstərir.
Generasiyanın artırılması ilə paralel olaraq başqa, az
əhəmiyyətli olmayan resurs – enerji səmərəliliyinin dərk edilməsi
prosesi gedir. IFC-nin davamlı maliyyə üzrə eksperti Leyla Hüseynli
əsaslı iqtisadi disbalansa diqqət çəkərək, onun üstünlüyə çevrilə
biləcəyini vurğulayıb. Azərbaycanda binaların təqribən 90 faizi
qazla qızdırılır, əhali üçün daxili tariflər isə ixrac
qiymətlərindən xeyli aşağıdır.
Sadə hesablamalar böyük potensialı ortaya qoyur. Binaların
termomodernizasiyası, enerji səmərəli texnologiyaların tətbiqi və
tikintidə “yaşıl” standartların reallaşdırılması hesabına qənaət
edilən hər kubmetr qaz ixraca yönəldilə bilər. Daxili qiymətlərlə
xarici bazar qiymətləri arasındakı fərq qənaət olunan qazı dövlət
büdcəsinə birbaşa əlavə gəlirə çevirir. Bu vəsaitlər isə növbəti
mərhələdə “yaşıl” iqtisadiyyatın inkişafına reinvestisiya edilə
bilər ki, bu da özünü təmin edən maliyyə dövrü yaradır.
Prosesin işə düşməsi üçün dövlət stimulları (vergi güzəştləri,
faiz dərəcələrinin subsidiyalaşdırılması) ilə özəl maliyyə
bazarlarının dəstəyi birləşməlidir. Artıq uğurlu nümunə var: son
beş ildə ölkədə hibrid və elektrik avtomobillərinin sayının 20–30
dəfə artması məhz düzgün gömrük və vergi güzəştlərinin
kombinasiyası ilə mümkün oldu. Eyni model tikinti sektorunda da
“yaşıl binalar” sertifikatlaşdırmasının təşviqi yolu ilə bazarın
bütün iştirakçıları üçün sərfəli şəkildə tətbiq oluna bilər.
Günəş və külək energetikasının əsas texnoloji problemi
dəyişkənlikdir. İkinci mərhələdən etibarən enerji saxlama
sistemlərinin (ESS) inteqrasiyası üzrə məsuliyyət investorların
üzərinə düşəcək. Generasiya və istehlak piklərini tarazlayan
akkumulyatorlar olmadan yüksək bərpa olunan enerji payı ilə enerji
sisteminin dayanıqlı fəaliyyəti mümkünsüzdür.
2030–2032-ci illərə qədərki dövr texnoloji yetkinliyin əldə
olunmasına həsr ediləcək: enerji sisteminə sadəcə generasiya deyil,
“BƏM + akkumulyator” hibrid komplekslərinin inteqrasiyası. Bu,
“yaşıl” energetikanı dəyişkən mənbə kateqoriyasından daha
idarəolunan və etibarlı kateqoriyaya keçirən kritik addımdır. Məhz
bu mərhələdə elektrik enerjisinin qismən ixracı başlanacaq – ilk
növbədə Gürcüstana və Türkiyəyə. Bunun üçün isə artıq sabit tədarük
zəruridir.
Bu, Azərbaycanın strateji, son məqsədidir: “yaşıl” enerjinin net
ixracatçısına çevrilmək və yeni sektorda neft-qaz diplomatiyasının
uğurunu təkrar etmək. Tarqulayevin bildirdiyinə görə, Energetika
Nazirliyi artıq beynəlxalq məsləhətçilərlə birlikdə 2040-cı ilədək
mərhələli şəkildə 4 giqavatadək bərpa olunan enerjinin ixracını
nəzərdə tutan ətraflı plan üzərində işləyir.
Layihələrin miqyası köklü şəkildə dəyişəcək: söhbət artıq
meqavatlardan yox, giqavatlarla ölçülən güclərdən gedir. Bu
ambisiyaların reallaşması üçün yalnız investisiya deyil, həm də
yerləşmə coğrafiyasını, akkumulyatorların texnoloji imkanlarını və
ən əsası – ixrac marşrutlarını nəzərə alan dərin sistemli
planlaşdırma tələb olunur.
Burada Mərkəzi Asiyaya körpü yaranır. Qazaxıstan, Özbəkistan və
Türkmənistan nəhəng, lakin hələ tam açılmamış külək və günəş
enerjisi potensialına malikdir. Onların əsas problemi isə ixrac
marşrutlarının məhdudluğu və mürəkkəb coğrafiyasıdır. Azərbaycan
isə inkişaf etmiş tranzit infrastrukturu, beynəlxalq bazarlara
çıxışı və Cənub Qaz Dəhlizi kimi mega-layihələrin icra təcrübəsi
ilə həll təklif edir.
Mərkəzi Asiyadan Azərbaycana, ordan isə Türkiyə və Avropaya
“yaşıl” enerjinin ötürülməsi üçün Xəzərin altından kabel çəkmək
ideyası artıq futuristik ssenarilərdən çıxaraq praktik müzakirə
mövzusuna çevrilib. Bu isə Azərbaycanı təbii hab – Şərqdən və
Qərbdən gələn enerji axınlarının qovuşduğu son qovşaq edir.
Ölkəmizin coğrafi mövqeyi unikal imkanlar açır. Buraya Xəzərdə
dəniz külək energetikasının inkişafı da daxildir ki, bu da ixrac
portfelinə əlavə güclü aktiv qazandıracaq.
Beləliklə, Azərbaycanda enerji keçidi dəb xatirinə atılan addım
deyil, dərindən düşünülmüş uzunmüddətli strategiyadır. Bu
strategiya üç sütun üzərində qurulub: daxili “yaşıl” generasiyanın
sürətli artırılması, ənənəvi ixracdan gəlirlərin enerji
səmərəliliyi vasitəsilə maksimumlaşdırılması və bütün Xəzər–Mərkəzi
Asiya regionunun “yaşıl” enerjisi üçün əsas tranzit habı kimi
mövqeləşmə.
Bu kursun reallaşması təkcə regional deyil, perspektivdə qlobal
enerji balansını da dəyişmək gücünə malikdir. Azərbaycan nadir bir
nümunə göstərir: neft ixrac edən ölkə ənənəvi sektordan əldə edilən
gəlirləri öz enerji keçidinə yönəldir və post-karbon dövründə də
dəyərli olacaq yeni, davamlı iqtisadi model yaradır. Mərkəzi Asiya
ilə tərəfdaşlıq isə bu kursa təkcə regional deyil, qitəvi miqyas
verir, onu Avrasiyanın enerji təhlükəsizliyinin gələcəyi üçün əsas
layihələrdən birinə çevirir.

