
Bakı. Trend:
1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə
bayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü
münasibətilə Bakı şəhər prokurorluğunun inzibati binasının yeni
korpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və
media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Trend xəbər verir ki, bu barədə Baş
prokurorluqdan bildirilib.
Qeyd edilib ki, tədbirin məqsədi gənc hüquqşünasların
prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına,
nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə və
cəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndirici
məlumatların artırılmasına şərait yaratmaq olub.
Ulu Öndər Heydər Əliyev və bütün şəhidlərin əziz və unudulmaz
xatirələri bir dəqiqəlik sükutla anıldıqdan sonra açılışda çıxış
edən Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov qonaqları
salamlayaraq bu cür təşəbbüslərin gənclərin peşəkar formalaşmasında
və gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynadığını
vurğulayıb. O, rayon prokurorluqlarının səlahiyyətləri, gündəlik iş
prinsipləri barədə ətraflı məlumat verib və iştirakçıların
suallarını cavablandırıb.
Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında
prokurorluğun əsas fəaliyyət istiqamətləri və prioritetləri barədə
danışıb.
Daha sonra Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru
Kənan Zeynalov “Azərbaycan Prokurorluğunun inkişaf yolu: tarixi
mərhələlər və müasir çağırışlar” mövzusunda təqdimatla çıxış edib.
O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş və
Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən hüquq
islahatlarının dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin
təmin olunmasına və prokurorluq orqanlarının müasir tələblərə uyğun
fəaliyyətinə xidmət etdiyini qeyd edib.
Tədbir çərçivəsində Bakı şəhər prokurorluğunun əməkdaşları Yaqub
Məmmədov, Əfqan Qafarov və Ramil Səfərov daxili işlər orqanlarının
istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunçuluğa
prokuror nəzarəti, prokurorluqda istintaqın təşkili və ona nəzarət,
həmçinin prokurorluq orqanlarında müraciətlərə baxılması və
vətəndaş məmnunluğu mövzularında çıxış edərək öz bilik və
təcrübələrini iştirakçılarla bölüşüblər.
Gənc hüquqşünaslar və media nümayəndələri ilə səmərəli
müzakirələr aparılıb, iştirakçılara kriminalistik avadanlıqlar,
habelə Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) nümayiş
etdirilərək onların istintaq prosesində tətbiqi izah olunub.
Sonda iştirakçılar inzibati binada yaradılmış iş şəraiti ilə
tanış olub, prokurorluğun gündəlik fəaliyyəti barədə əyani məlumat
əldə ediblər. Tədbir xatirə fotosu ilə başa çatıb.