
Bakı. Trend:
Azərbaycan üçün uzunmüddətli aşağıkarbonlu inkişaf yolunun
hazırlanması enerji təhlükəsizliyini təmin etmək, karbon
emissiyalarını azaltmaq və dayanıqlı artımı təmin etmək məqsədilə
enerji sistemi modelləşdirilməsini tələb edir. Bu prosesdə
bərpaolunan enerji mənbələrinin tətbiqi və regional şəbəkələrin
inteqrasiyası həm imkanlar, həm də çətinliklər yaradır.
Trend xəbər
verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən
“Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri
zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda quraşdırılmış gücün 80
faizdən çoxu neft və qaz əsasında fəaliyyət göstərir: “Lakin
əvvəldə qeyd etdiyim kimi, yalnız iki bərpaolunan enerji mənbəsinin
əlavə edilməsi ilə ildə təxminən 300 min kubmetr təbii qaza qənaət
edilə bilər. Bu qaz, məsələn, bu gün müzakirə olunan hidrogen
istehsalı üçün istifadə oluna bilər. Deməli, həm imkanlar, həm də
çağırışlar mövcuddur”.
AYİB rəsmisi vurğulayıb ki, bazarın tədricən uyğunlaşması və
regional əməkdaşlıq bu prosesə dəstək verir: “Bu səbəbdən də
elektrik şəbəkəsi çox vacibdir. Çünki şəbəkə yalnız bir ölkə üçün
deyil, eyni zamanda ölkələr arasında inteqrasiya vasitəsidir.
Bugünkü müzakirələrdə dəfələrlə qeyd olunan “enerji dəhlizi”
ideyası məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bunun həm Azərbaycan, həm region, həm də Mərkəzi Asiya üçün
böyük rolu var. Çünki Avropada enerji tələbatı açıq şəkildə
artmaqda davam edir və bu, region üçün böyük fürsət yaradır”.

