
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda “yaşıl
enerji” sahəsində yeni layihələrin maliyyələşdirilməsində iştirak
etməyə ümid edir.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji
sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən “Yaşıl
Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri
çərçivəsində Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerji
layihələrinin maliyyələşdirilməsində iştirak edib: “Bu layihələrin
reallaşmasında AYİB 400 milyon ABŞ dollarına yaxın vəsait sərf
edib. Digər maliyyələşdirən tərəflər də var, məsələn, ADB və başqa
kreditorlar. Gələcək layihələrə gəldikdə isə, bəli, bizdə müəyyən
planlar var. Ümid edirik ki, yaxın zamanda başqa layihələr də
maliyyələşdiriləcək. Dəqiq rəqəm demək çətindir, amma sözügedən
layihələrin ümumi dəyəri, yəni kapital və digər maliyyə
qurumlarının verdiyi kreditlər də daxil olmaqla 1 milyard ABŞ
dollarından çox olacaq”.
“Hazırda Azərbaycanla müzakirədə olan bir neçə layihəmiz var.
Ümid edirik ki, bu il və ya gələn il onların bir neçəsini
ictimaiyyətə açıqlayıb müqavilələr imzalayacağıq”, – deyə AYİb
rəsmisi vurğulayıb.