Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarladı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş
Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Xidmətlər Agentliyi (AXA) və tabeliyindəki qurumlarda uyğunluq
auditi aparılıb. Audit 2023–2025-ci illəri əhatə edib və 111,3
milyon manatlıq daxilolma, 105 milyon manatlıq xərclər üzrə
əməliyyatlar yoxlanılıb.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.




Yoxlamalardan sonra məlum olub ki, ölkə üzrə heyvanların
identikləşdirilməsi həyata keçirilməyib, nəticədə xəstəliklərə
qarşı peyvəndləmə risk əsaslı deyil, ümumi “sürü prinsipi” ilə
aparılıb; Heyvanların uçotu Dövlət Statistika Komitəsinin
göstəricilərindən 11–16% fərqlənib; Strateji inkişaf və monitorinq
planları mövcud olmayıb, 2019–2025 Dövlət Proqramında nəzərdə
tutulan hədəflərə çatmaq mümkün görünmür; Feromon tələlərinin baha
qiymətə (1669,1 min manat) alınması, istifadəsiz qalması və dövlət
qeydiyyatına alınmaması nəticəsində 1 mln. manata yaxın vəsait
səmərəsiz xərclənib; Laboratoriya və sort-sınaq məntəqələrində
torpaq sahələrinin cəmi 7,8%-i təyinatı üzrə istifadə olunub,
məhsul satışından 175 min manat potensial gəlir reallaşmayıb;
Peyvəndləmə prosesində heyvanların sayının şişirdilməsi, sənədlərdə
uyğunsuzluqlar, imzaların olmaması müəyyən edilib; Baytarlıq
preparatları və pestisidlərin istifadəsi, daşınması və uçotu üzrə
elektron nəzarət sistemi mövcud deyil; Satınalmalarda qiymətlərin
düzgün hesablanmaması, anbar qalığı və artıq xərclər müşahidə
olunub; Qurumlarda baş mühasib ştatlarının vakant qalması uçotun
aparılmasında risklər yaradıb.

Hesablama Palatası Kollegiyası nöqsanların aradan qaldırılması
üçün tədbirlərin görülməsi, artıq xərclərin bərpası və aidiyyəti
qurumlara məlumat göndərilməsi barədə qərar qəbul edib.