
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparmaq normaları müəyyənləşib. Yeni qərara əsasən, artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda digər təyinatlı tikililərin inşasına icazə verilir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, istənilən növ tikinti işlərinin aparılması üçün inşa olunan tikilinin torpağın təyinatı ilə eyniləşməsi vacibdir:
“Məsələn, fərdi yaşayış evlərinin yerləşdiyi ərazinin təyinatı yaşayış məntəqələri torpaqları və xüsusi mülkiyyət olmalıdır. Bu, həmçinin qeyri-yaşayış təyinatlı tikililər üçün də keçərlidir. Artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda digər təyinatlı tikililərin inşasına icazə verilir. Ancaq bu icazə yalnız mövcud torpaq sahəsinin ümumi ölçüsünün 5 hektar olması şərtilə verilə bilər. 5 hektarın yalnız bir faizində, yəni 500 kvadratmetrlik sahədə digər təyinatlı tikinti işləri aparıla bilər. Yeni qaydalara əsasən, tikinti anbar istehsalı və ya müvəqqəti yaşayış məqsədli olmalıdır”.
Ekspert onu da qeyd edib ki, bu, pay torpaqlar üzərində tikilmiş evlərə çıxarışların verilməsi demək deyil.
Sevinc İbrahimzadə / Metbuat.az