Regionlararası qatarların fəaliyyəti hansı sahələrin inkişafına təkan olacaq?

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC
(ADY) Gəncə-Mingəçevir-Ağstafa reysi üzrə rəmzi səfərə
başlayıb.

Trend xəbər
verir ki, qatar saat 07:30-da Bakı vağzalından hərəkətə
başlayıb.

Qatarda səfər edən deputatlar dəmiryolu infrasturukturunda
növbəti mərhələ olan rayonlararası qatarların fəaliyyəti və
perspektivləri ilə bağlı fikirlərini bölüşüblər. Gəncə şəhərinin
deputatı Müşviq Cəfərov yeni reysin əhəmiyyətinə toxunub:

“Bakıdan Gəncəyə ADY ilə səfərlər başlayandan hər zaman
gediş-gəlişdə avtomobildən yox, qatardan yararlanmağa çalışmışam.
İndi isə, Bakıyla əlaqəsi olmayan Gəncə-Mingəçevir-Ağstafa
qatarının açılışdayıq. Bu insanlara qonşu bölgədə çalışmaq imkanı
yaradır. Məsələn, Gəncədə yaşayan vətəndaş rahatlıqla qatardan
istifadə etməklə iş üçün tez-tez və az məbləğ ödəyərək Mingəçevirə
gedə bilər və həmçinin də əksinə”.

Müşviq Cəfərov vurğulayıb ki, qatarla səfərlər avtomobillə
müqayisədə təhlükəsizlik baxımından daha da əlverişlidir:

“Qatarlar həmçinin fəsillərə uyğun komfortuna görə də
əlverişlidir. Qatar infrastrukturu ilə bağlı son 7-8 ildə ciddi
dəyişikliklər görürük. Qatarlarda 3 dildə xidmət göstərilir. Bu da
turistlərin ölkəmizdə rahat hərəkəti üçün münbit şərait
yaradır”.

Deputat həmçinin sentyabrın 28-dən start götürəcək MDB oyunları
zamanı rayonlararası qatar səfərlərinin rolunun böyük olacağını
qeyd edib. O, bildirib ki, bölgələrarası qatarların təşkili ilə
bundan sonra beynəlxalq səviyyəli tədbirlərin bölgələrdə
keçirilməsi daha çox gündəmdə olacaq.

“Bu gün regionlarımız sürətlə inkişaf edir. Yeni iş yerləri
açılır, biznesə ciddi maraq var, regionlara investisya yatırılır.
Eyni zamanda insanlarımızın yaşadıqları yerdən paytaxta və digər
regionlara səfərləri artıq intensiv xarakter daşıyır. Bu baxımdan
Mingəçevirə və yaxın rayonlara qatar marşrutlarının açılması çox
mühüm hadisədir”.

Bu fikirləri Mingəçevir rayonunun deputatı Aydın Mirzəzadə
bildirib. O deyib ki, qatarda gediş haqqı digər nəqliyyat
vasitələri ilə müqayisədə nisbətən ucuzdur, həmçinin sürət həddi də
artıb:

“Bu gün maraqlandım getdiyimiz qatarın sürəti saatda 137
kilometrdir. Bu avtomobil sürətinə bərabərdir. Həmçinin bu, tək
sərnişin yox, həm də yük daşınmasıdır. Yük daşınmasında maya
dəyərinin aşağı salınması, təbii ki, biznesmenləri böyük həvəslə
regionlara investisya qoymağa dəvət edir. Azərbaycan Dəmir Yolları
QSC-nin dəmir yolu xəttinin inkişafı ilə bağlı gördüyü fəaliyyət
diqqəti cəlb edir. Bu, Prezident İlham Əliyevin onların qarşısına
qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsidir”.




A.Mirzəzadə regionlararası inteqrasiyada dəmir yollarının
əhəmiyyətli rolunu yüksək qiymətləndirib:

“Dəmir yolu ilə daşınma digər nəqliyyatlara nisbətən ucuz başa
gəlir. Sürət də kifayət qədər yüksəkdi. İşğaldan azad edilmiş
ərazilərdə dəmir yolu xətti sistemi bərpa edilir. Digər regionlara
da dəmir yolu xətti varsa bərpa edilir, yoxdursa, yenidən çəkilir.
Prezident İlham Əliyev dünən BMT tribunasından çıxışında da qeyd
etdi ki, Azərbaycan bəlkə də yeganə regiondur ki, Şimal-Cənub,
Şərq-Qərb marşrutları Azərbaycandan keçir. Burada dəmir yolunun çox
böyük rolu var. Dəmir yolu həm beynəlxalq inreqrasiyamızın, eyni
zamanda regionlaarası əlaqələrin intensivləşməsində öz böyük
töhfəsini verir”.

Həmçinin Gəncədən olan deputat Naqif Həmzəyev də yeni hərəkətə
başlayacaq regionlararası qatar fəaliyyəti ilə bağlı fikirlərini
Trend-lə bölüşüb:

“Azərbaycanda Dəmir yolları infrastrukturu inkişaf edir və biz
də buna sevinirik. Bilirsiniz ki, Gəncə Azərbaycanın ikinci böyük
və şəhəri, tarixi paytaxtıdır. Gəncə Qazaxdan Yevlaxadək bölgənin
əsas aparıcı şəhəri hesab olunur”.

N.Həmzəyev deyib ki, Mingəçevir-Gəncə-Ağstafa reysinin işə
düşməsi həmin ərazidə yaşayan insanların işlərini
rahatlaşdıracaq:

“Mingəçevir turistik baxımdan çox zəngin şəhərdir. Bizim Gəncə
camaatı da çox vaxt istirahət üçün Mingəçevirə gedir. Gəncədən
Ağstafa istiqamətinə gedən və ya Mingəçevir, eləcə də Ağstafadan
Gəncəyə gələn sakinlərimiz də var. Yaxın bölgədən az qala hər kəs
ticarət üçün, hansısa ehtiyacları qarşılaya bilmək məqsədi ilə
Gəncəyə gəlir”.

Deputat bildirib ki, regionlararası qatar səfərlərində qiymətlər
də olduqca münasibdir:

“Avtomobildənsə, qatarla gəlib-getmək həm rahatdır, həm də
təhlükəsizdir. İnanıram ki, regionlararası qatar reyslərinin sayı
artırılsa yaxşı olacaq. Ehtimal olunur ki, yaxın zamanda Gəncədən
Ağdama, Xankəndiyə, hətta Lənkərana qədər qatarla gedə
biləcəyik”.

Deputat qatar nəqliyyatının təhsilə dəstəyindən də danışıb:

“Bilirsiniz ki, Gəncədə 3 böyük universitet var. Burada çoxlu
sayda tələbə təhsil alır. Onların və ailələrinin digər şəhərlərə
gedib-gəlməsi üçün bu cür qatarlara ehtiyac var. Xüsusilə də
paytaxtdan asılılığı da bir növ aradan qaldırmaq lazımdır. Bu qatar
reysləri olacağı təqdirdə hətta bəzi gən kadrlar öz yaşadıqları
şəhər və rayonda qalmağa davam edəcəklər. Sadəcə gəlib böyük
şəhərlərdə işləyib, axşam evlərinə qayıdacaqlar”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir