Heydər Əliyev Fondu tərəfindən Saatlının ucqar kəndində yeni məktəb binası inşa olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Saatlı rayonunda yeni inşa olunan İkram Ağayev adına Nabatkənd
tam orta məktəbin binasının açılışı olub.

Heydər Əliyev Fondunun tərəfindən inşa olunan yeni binanın
açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir
Bağırov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Astanov,
Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov,
məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Trend xəbər
verir ki, açılış mərasimində çıxış edənlər dövlətimiz tərəfindən
təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Qeyd edilib
ki, son illər bir çox ucqar kənddə yeni məktəb binaları inşa
edilib, həmçinin bir sıra binalar əsaslı təmir olunub. Bildirilib
ki, Nabatkənd tam orta məktəbin binası 1937-ci ildə inşa edilib.
Ötən müddət ərzində bina istifadəyə yararsız vəziyyətə düşdüyündən
Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa olunub.

624 şagird yerlik yeni məktəb binasının inşasına 2024-cü il may
ayında başlanılıb. Dördmərtəbəli məktəb binası 4 korpusdan
ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya
laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi
otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və
açıq idman meydançası var.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.




Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri
aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib,
müasir işıqlandırma sistemləri quraşdırılıb.

Yeni məktəb binasının açılışına ən çox sevinənlər müəllim və
şagirdlərdir. 8-ci sinif şagirdi Xumar Təhməzova deyir ki, onun
üçün ən sevincli günlərdən biridir: “Əvvəlki məktəb binasında
şəraitimiz yaxşı deyildi, qış fəslində sinif otaqları soyuq olurdu.
Amma o günlər artıq geridə qaldı. Yeni məktəb binasının açılışı
məni çox sevindirir. Sinif otaqları geniş və işıqlıdır, fizika,
kimya, kompüter və digər otaqlarımız var. Həmçinin məktəbimizdə
idman zalı və meydança da var. Çalışacağıq ki, dərslərimiz daha
yaxşı oxuyaq”.

Məktəbin müəllimi Vüqar Hüseynov isə bildirib ki, yeni binanın
inşası kollektiv üçün ən böyük hədiyyədir. “Son illər məktəb binası
yararsız hala düşmüşdü. Bir neçə dəfə cari təmir olunsa da, bina
istismar müddətini başa vurmuşdu. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə kəndimizdə müasir məktəb binası tikildi. Bu, biz müəllimləri və
şagirdləri çox sevindirir. Məktəb kollektivi və kəndimiz adından
Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk”.

Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir