Qeyri-sabit hava ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmindən
yararlanan fermerlərin sayı çoxalmaqdadır.

Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, sentyabr ayının birinci
yarısında ölkənin əksər ərazilərində müşahidə olunan qeyri-sabit
hava şəraiti, yağıntılar və onların nəticəsində yaranan
sel-subasma, eləcə də fırtına-qasırğa halları kənd təsərrüfatına da
təsir edib.

Bildirilib ki, müraciətlər Ağcabədi, Ağdam, Balakən, Yevlax,
Tərtər, Masallı, Ucar, Zərdab, Ağstafa rayonları üzrə qeydə alınıb.
Ən çox müraciət pambıq sahələrinə dəyən zərərlərlə bağlıdır. Belə
müraciətlər Ağcabədi, Ağdam, Yevlax və Zərdab rayonları üzrə qeydə
alınıb.

Bundan başqa, qarğıdalı, şaftalı, naringi, nar, çəltik, alma və
sair məhsullar üzrə də müraciətlər daxil olub. Ümumilikdə son 10
gün ərzində fonda 40-dan artıq müraciət daxil olub.




“Bütün müraciətlər Aqrar Sığorta Fondunda baxılır, müstəqil
aqrar sığorta ekspertlərinə yönəldilir və ekspertlər hadisə yerinə
baxışa göndərilir. Hazırda ölkənin müxtəlif bölgələrində onlarla
aqrar sığorta eksperti müraciətlər üzrə hadisələri
araşdırırlar.

Hadisələrin tənzimlənməsi başa çatdıqdan sonra araşdırmanın
nəticələrindən asılı olaraq fermerlərə aqrar sığorta ödənişlərik
həyata keçiriləcəkdir.

Aqrar Sığorta Fondu müşahid edilən qeyri-sabit hava şəraitin
nəzərə alaraq sığortalı fermerləri öz təsərrüfatlarındakı vəziyyəti
izləməyə və hadisə baş verdikdə fonda müraciət etməyə dəvət
edir.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial
şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə
saxlamaqla əldə etmək olar”, – deyə Fonddan bildirilib.