27 sentyabr həm kədərin, həm də qürurun bir arada olduğu xüsusi gündür – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın müasir tarixində elə günlər var ki, xalqın milli
yaddaşına həm hüzn, həm də qürur simvolu kimi həkk olunub. 27
sentyabr – Anım Günü də məhz belə günlərdəndir. Bu tarix 2020-ci
ildə başlayan və yalnız 44 gün sonra möhtəşəm Zəfərlə başa çatan
Vətən müharibəsinin başlanğıc günüdür. Həmin gün Azərbaycan Ordusu
işğal altındakı torpaqlarımızı azad etmək üçün əks-hücum
əməliyyatlarına start verdi.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

“Bu gün hər bir azərbaycanlı üçün şəhidlərin müqəddəs xatirəsini
anmaq, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əymək və eyni
zamanda xalqın birliyindən doğan böyük qələbəni xatırlamaq günüdür.
27 sentyabr həm kədərin, həm də qürurun, həm göz yaşının, həm də
fərəhin bir arada olduğu xüsusi gündür. 2020-ci ilin sentyabrın
27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına
cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
Səhər saatlarından cəbhənin müxtəlif istiqamətlərindən gələn
xəbərlər Azərbaycan cəmiyyətini ayağa qaldırdı. Müharibənin ilk
günündən xalq bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşdi.
İnsanlar küçələrdə, meydanlarda orduya dəstək nümayiş etdirdilər.
Könüllülər hərbi komissarlıqlara axışır, qadınlar və uşaqlar cəbhə
bölgəsinə yardım göndərirdi. Bu, artıq sadəcə bir müharibə deyildi
– bu, xalqın ümummilli səfərbərliyi idi”, – o bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsinin ən mühüm amillərindən
biri də dövlət başçımızın müdrik və qətiyyətli siyasəti idi.

“Prezident İlham Əliyev hələ müharibədən illər öncə beynəlxalq
tribunlardan açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan
torpaqlarının işğalla barışmayacaq. O, diplomatik müstəvidə Qarabağ
həqiqətlərini bütün dünyaya çatdırır, eyni zamanda ölkənin hərbi
gücünü sistemli şəkildə artırırdı. Müharibənin ilk günlərindən Ali
Baş Komandan kimi ordunun idarə edilməsində, siyasi-ideoloji
mühitin formalaşmasında və xalqın motivasiyasında Prezident İlham
Əliyevin rolu əvəzsiz oldu. Onun xalqa etdiyi müraciətlər, verdiyi
qətiyyətli mesajlar hər kəsdə böyük ruh yüksəkliyi yaradırdı.
Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı artıq bir
milli birliyə çevrilmişdi. Dövlət başçısının həm diplomatik
arenada, həm də informasiya cəbhəsində apardığı siyasət
Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Müharibənin gedişində o,
dəfələrlə dünya mediasına müsahibələr verərək Ermənistanın
təcavüzkar mahiyyətini ifşa etdi, Azərbaycanın mövqeyini isə
beynəlxalq hüquqa əsaslanan prinsiplərlə müdafiə etdi”, – o
bildirib.

A.Qarayev qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən
dünya ictimaiyyəti diqqətlə Cənubi Qafqazdakı vəziyyəti
izləyirdi.

“Ermənistan illərlə işğalçı siyasətini müxtəlif təbliğat
vasitələri ilə gizlətməyə çalışsa da, Prezident İlham Əliyevin
apardığı uzunmüddətli, ardıcıl diplomatiya öz nəticəsini verdi.
Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, BMT qətnamələrinə və ədalət
prinsipinə əsaslanırdı. Müharibə günlərində dövlət başçısı ən
nüfuzlu beynəlxalq media qurumlarına – BBC, CNN-Türk, Al Jazeera,
France 24, TRT, Euronews və onlarla digər aparıcı televiziya və
qəzetə müsahibələr verirdi. Hər dəfə Ermənistanın yalanlarını
faktlarla ifşa edir, dünya ictimaiyyətinə çatdırırdı ki, Azərbaycan
torpaqları 30 ilə yaxın işğal altında qalıb, yüz minlərlə
azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Prezident İlham
Əliyevin məntiqli, faktlara söykənən çıxışları beynəlxalq arenada
Azərbaycanın mövqeyini gücləndirdi. Bu, həm də informasiya
müharibəsində böyük qələbənin başlanğıcı oldu.”, – o bildirib.

Politoloq vurğulayıb ki, Vətən müharibəsi sadəcə hərbi əməliyyat
deyildi – bu, həm də milli iradənin, xalqın birliyinin, Prezident
İlham Əliyevin qətiyyətli liderliyinin təcəssümü idi.




“Füzuli uğrunda döyüşlər – Azərbaycanın ordusu ilk ciddi
uğurlarını məhz burada qazandı. Çətin relyefə və düşmənin illərlə
qurduğu istehkamlarına baxmayaraq, Füzuli rayonunun bir sıra
kəndləri azad edildi. Cəbrayıl və Hadrut – oktyabrın əvvəlində
Cəbrayıl rayonunun, daha sonra isə strateji əhəmiyyət daşıyan
Hadrut qəsəbəsinin azad olunması Azərbaycan xalqında böyük coşqu
yaratdı. Zəngilan və Qubadlı – Qarabağın cənub bölgəsində aparılan
uğurlu əməliyyatlar düşmənin müdafiə xəttini tamamilə dağıtdı. Şuşa
əməliyyatı – Azərbaycan Ordusunun ən parlaq və qəhrəmanlıq dolu
səhifəsi. Dağlarla, qayalarla dolu çətin relyefdə əsgərlərimizin
əlbəyaxa döyüşlə Şuşaya daxil olması müharibənin taleyini həll
etdi. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciət
edərək Şuşanın azad olunduğunu elan etdi. Bu xəbər Azərbaycanın hər
bir guşəsində insanlar tərəfindən göz yaşları, qürur və fərəh hissi
ilə qarşılandı. Bir neçə gün sonra Ermənistan kapitulyasiya aktına
imza atdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”, – o
bildirib.

A.Qarayev qeyd edib ki, Anım Günü hər şeydən əvvəl qəhrəman
şəhidlərin xatirəsini anmaq günüdür.

“3 minə yaxın şəhidimizin adı bu gün Azərbaycan tarixinin ən
şərəfli səhifəsinə yazılıb. Onların hər biri Azərbaycanın azadlığı,
torpaqların bütövlüyü uğrunda canından keçdi. Lakin bu gün yalnız
hüznlə deyil, həm də qürurla xatırlanır. Çünki həmin şəhidlərin
qanı yerdə qalmadı, onların arzuları gerçəkləşdi – torpaqlar azad
olundu, Qarabağa həyat qayıtdı. Anım Günündə bütün ölkə boyu dövlət
tədbirləri keçirilir, insanlar şəhid məzarlarını ziyarət edir,
məktəblərdə, universitetlərdə, mədəniyyət ocaqlarında onların
xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunur. Bu, həm də gələcək
nəsillərə bir mesajdır: qəhrəmanlarımızın ruhu daim yaşadılacaq”, –
politoloq bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibənin başa çatması ilə
Azərbaycan üçün yeni bir dövr başladı – bərpa və quruculuq
dövrü.

“Prezident İlham Əliyev müharibədən dərhal sonra Qarabağa
saysız-hesabsız səfərlər etdi. Hər bir səfər həm rəmzi, həm də
siyasi məna daşıyırdı – artıq azad edilmiş torpaqların sahibi geri
qayıtmışdı. Dövlət başçısı şəxsən təməlqoyma mərasimlərində iştirak
edir, yeni yol, elektrik xətti, hava limanı, su və enerji
infrastrukturunun layihələrini işə salırdı. Qısa müddət ərzində
Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları inşa edildi.
Şuşada böyük mədəni tədbirlər bərpa olundu. Prezident İlham
Əliyevin müdrik siyasəti nəticəsində Qarabağda “ağıllı kənd”
layihələri, müasir şəhərsalma planları həyata keçirilir. Məqsəd
yalnız azad olunmuş torpaqları bərpa etmək deyil, həm də onları
dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirməkdir”, o
bildirib.

A.Qarayev qeyd edib ki, 27 sentyabr yalnız Anım Günü deyil – bu,
həm də Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir.

“Bu gün xalqın birliyini, şəhidlərin qəhrəmanlığını, ordunun
gücünü və Prezident İlham Əliyevin qətiyyətli liderliyini bir daha
göstərir. Azərbaycan xalqı bu günü daim həm hüznlə, həm də böyük
qürurla xatırlayacaq. Çünki Anım Günü şəhidlərin əbədiyyətə
qovuşduğu, amma eyni zamanda Azərbaycanın əbədi Zəfərə doğru
irəlilədiyi gündür”, – politoloq əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir