
Bakı. Trend:
Prezident İlham Əliyevin 2025-cü ilin avqustunda Amerika
Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirdiyi görüşlər və bu
ay Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı
Azərbaycanın yeni geosiyasi mövqeyinin, suverenliyə əsaslanan
diplomatiyasının və iqtisadi fəallığının paralel inkişafını əks
etdirir.
Nyu-York səfəri ABŞ rəsmiləri və beynəlxalq enerji sektorunun
liderləri ilə keçirilən yüksək səviyyəli müzakirələr, Azərbaycanın
Cənubi Qafqazda artan təsirini, Qlobal Cənub-Şimal və Şərq-Qərb
nəqliyyat dəhlizlərindəki mühüm rolunu qabartdı. Bu səfər
Azərbaycanın geosiyasi aktor kimi çıxış etdiyini və beynəlxalq
gündəmi müəyyənləşdirə biləcək siyasi iradəyə malik olduğunu sübut
etdi.
Nyu-York səfəri isə bu strategiyanın davamı və konkret
nəticələrə yönəlmiş mərhələsidir. Burada Prezident İlham Əliyev
yalnız siyasi tribuna olan BMT Baş Assambleyasında çıxış etmədi,
həm də nüfuzlu biznes dairələrinin təmsilçiləri ilə görüşlər
keçirərək Azərbaycanın iqtisadi diplomatiyasını ön plana çəkdi. Bu
görüşlər, Azərbaycanın sərmayə cəlbediciliyini nümayiş etdirməklə
yanaşı, ölkənin yeni iqtisadi modelə keçid etdiyini göstərdi.
İqtisadi diplomatiya Azərbaycanın xarici siyasətinin ayrılmaz
tərkib hissəsinə çevrilib. Prezidentin Nyu-Yorkda dünyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər – xüsusilə enerji,
texnologiya və maliyyə sektorları üzrə – Azərbaycanın investorlar
üçün açıq və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş
etdirdi.
Azərbaycan post-münaqişə dövründə yalnız regional lider kimi
çıxış etmir, həm də qlobal iqtisadi oyunçuya çevrilmək
istiqamətində addımlar atır. Bu keçid prosesində Prezident İlham
Əliyevin beynəlxalq platformalarda (Vaşinqton, Nyu-York, Davos, COP
tədbirləri və s.) səsləndirdiyi fikirlər dövlətin strateji iqtisadi
vizyonunun və bu vizyonun həyata keçirilməsində diplomatiyanın
rolunu açıq şəkildə ifadə edir.
Yeni iqtisadi diplomatiya yalnız iqtisadi inkişaf vasitəsi
deyil, həm də müstəqil xarici siyasətin təminat aləti, suverenliyin
möhkəmləndirilməsi vasitəsi, və Azərbaycanın dünyada iqtisadi güc
kimi tanınması üçün strateji bir yol xəritəsidir.
Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının
rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə məkanında
artan nüfuzunun bariz göstəricisidir. “Blackstone”, “Brookfield
Asset Management” və “Neuberger Berman” kimi trilyonlarla dollarlıq
aktivləri idarə edən nəhəng investisiya şirkətlərinin rəhbərləri
ilə aparılan müzakirələr ölkəmizin yalnız enerji sektorunda deyil,
həm də logistika, rəqəmsal infrastruktur, yaşıl enerji və təhsil
kimi sahələrdə geniş potensiala malik olduğunu təsdiqləyir.
Bu görüşlərin ən mühüm tərəfi odur ki, qlobal maliyyə nəhəngləri
Azərbaycanın iqtisadi mühitinə, islahatlara və regiondakı strateji
roluna xüsusi diqqət göstərir. Bu da Azərbaycanın beynəlxalq
investorlar üçün etibarlı və perspektivli tərəfdaş kimi qəbul
edildiyinin göstəricisidir. Məsələn, “Blackstone”un daşınmaz əmlak,
logistika və rəqəmsal infrastruktur sahəsindəki nəhəng portfeli,
“Brookfield”in bərpa olunan enerji və infrastruktur sahəsindəki
gücü, eləcə də “Neuberger Berman”ın sənaye, təhsil və texnologiya
sektorlarındakı strateji investisiyaları Azərbaycanın yeni iqtisadi
modelinin qlobal bazarlarda rəğbətlə qarşılandığını göstərir.
Xüsusilə Dövlət Neft Fondunun (ARDNF) bu şirkətlərlə
uzunmüddətli strateji tərəfdaşlığı Azərbaycanın yalnız investisiya
gəlirləri əldə etməklə kifayətlənmədiyini, həm də gələcəyin
sektorlarında – rəqəmsal texnologiyalar, yaşıl enerji, təhsil və
səhiyyə kimi – ölkənin inkişafını təmin etmək üçün beynəlxalq
təcrübə və resurslardan faydalandığını sübut edir. Bu amillər
Azərbaycanın qlobal iqtisadi arena və investisiya şəbəkələrində
mövqeyini gücləndirir, ölkəmizin regional və beynəlxalq səviyyədə
rəqabət qabiliyyətini artırır. Eyni zamanda, belə əməkdaşlıqlar
Azərbaycanın yeni iqtisadi diplomatiya strategiyasının uğurlu
nəticələri kimi qiymətləndirilə bilər və gələcəkdə ölkənin davamlı
və dayanıqlı inkişafına təkan verəcək.