
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində
yerləşən “Fidan” restoranında keçirilən yoxlama zamanı yanğın
təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin
nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən
edilib.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib. Bildirilib
ki,
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən
elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı
müqaviməti yoxlanılmayıb;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin
edilməyib;
– obyektin mətbəxinin tavan hissələri yanar material olan
lambirlə üzlənilib;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb;
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta
olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən
“Fidan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar
qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim
edilib.