Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində sədrlik edən Z.Ağayev Azərbaycan və
rus dillərində təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında
bildirişin təqsirləndirilən şəxs David Babayana təqdim edilməsi
üçün göstəriş verib və sənəd D.Babayana çatdırılıb (ötən prosesdə
D.Babayan bu sənədin Azərbaycan və rus dillərində ona təqdim
olunmasını xahiş etmişdi).

Daha sonra məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə
davam etdirilib.

Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov
Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun
(“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid
Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.)
və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan
olunub.

Bundan başqa, Bayramov Pərviz Əlimahir oğlunun öldürülməsi,
Rəşidov Səxavət Məmməd oğlunun, İbrahimov Aqil Vahid oğlunun,
Məmmədov Tural Ağabala oğlunun, Əliyev Şamil Əlvan oğlunun, Əliyeva
Ruqiyyə Rüstəm qızının xəsarət alması ilə bağlı sənədlər elan
edilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan məhkəməyə müraciət edərək
fasilə vaxtı öz vəkili ilə konfidensial qaydada görüşə icazə
verilməsini xahiş edib. Sədrlik edən D.İşxanyanın vəsatətini təmin
edib və ona fasilə vaxtı müdafiəçisi ilə konfidensial görüş keçirə
biləcəyini deyib.




Ardınca cinayət işi üzrə digər sənədlər elan olunub.

Bundan başqa, Şahkərəmov Ağadadaş Şahkərəm oğlunun, Ağayev
Ruslan Qabil oğlunun öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı
hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Əliyeva
Müşgünaz Əsgər qızının, Əhmədova Mədinə Əsgər qızının və Əliyeva
Zəhra Samir qızının xəsarət almaları, Məmmədov Anar Yaşar oğlunun
və Əhmədov Fuad Şaməddin oğlunun mina partlayışı nəticəsinə
xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan
olunub.

Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə
(Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib.
Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi
qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları
ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə
öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub.
Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam
istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış
məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə
tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.

Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş
etdirilib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir