
Bakı. Trend:
Orta Dəhliz region üzərindən ticarətdə inqilabi dəyişiklik vəd
edir.
Trend xəbər verir ki, bunu
ABŞ Dövlət katibinin müavininin baş məsləhətçisi Kaleb Orr
Nyu-Yorkda Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin
səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes
Forumunda deyib.
“Rusiya üzərindən şimal marşrutlarını və İran üzərindən cənub
marşrutlarını kənarda qoyaraq, Orta Dəhliz region üzərindən
ticarətdə inqilabi dəyişiklik vəd edir və Qərbə — Avropaya və ABŞ-a
çıxış imkanı yaradacaq. Tramp Marşrutu (TRIPP) dünyanın ticarət
üçün şərait necə yaratdığının və ticarətin də öz növbəsində sülh və
sabitliyi necə möhkəmləndirə biləcəyinin bariz nümunəsidir”, — deyə
Orr vurğulayıb.
ABŞ-ın xarici siyasəti üçün daha geniş Xəzər regionunun
əhəmiyyətindən danışarkən o bildirib: “Cənubi Qafqaz və Mərkəzi
Asiyanı da əhatə edən geniş mənada Xəzər regionu ABŞ-ın xarici
siyasətinin və strategiyasının həqiqətən əsas istiqamətidir. Bu,
qısamüddətli maraq deyil, uzunmüddətli prioritetdir və ABŞ bunu
strateji vəzifə kimi görür — ona sərmayə qoymaq və illərlə inkişaf
etdirmək niyyətindədir”.
O, həmçinin Ermənistan və Azərbaycan arasında Prezident Donald
Trampın şahidliyi ilə paraflanmış sülh sazişinin əhəmiyyətinə
toxunub. “Bu, Tramp administrasiyasının regiona verdiyi diplomatik
çəkini göstərir. Biz hesab edirik ki, bu razılaşma nəticəsində
yarana biləcək həqiqi sülh dividendləri bütün regiona fayda
gətirəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)
və bizim C5+1 formatında əməkdaşlığımız sülhü firavanlığa çevirmək
üçün real imkan yaradır”, — deyə Orr qeyd edib.

