
Bakı. Trend:
Transxəzər Dəhlizi ABŞ üçün xarici siyasət baxımından əsas
istiqamət hesab olunur.
Trend-in
məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Maliyyə
Korporasiyasının (DFC) investisiya departamentinin rəhbəri Konor
Koulman Nyu-Yorkda Xəzər Siyasəti Mərkəzi (Caspian Policy Center,
CPC) tərəfindən Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil
olunan altıncı illik Xəzər Biznes Forumunda bildirib.
Transxəzər ticarətinin beynəlxalq bazarlar üçün əhəmiyyətindən
danışan Koulman ABŞ-ın onun inkişafını dəstəkləmək üçün gördüyü
tədbirləri vurğulayıb. “Transxəzər Dəhlizi ABŞ hökuməti üçün xarici
siyasət baxımından əsas istiqamətdir. Bizim fəaliyyətimiz ABŞ-ın
Mərkəzi Asiyada iqtisadi inkişafı dəstəkləmək üzrə uzunmüddətli
tarixə malik olmasına əsaslanır”, — deyə o qeyd edib.
“DFC təhlükəsiz və strateji baxımdan mühüm investisiya
dəhlizlərinin və iqtisadi zonaların yaradılması üzərində işləyir —
bu isə birbaşa olaraq Orta Dəhlizin artan əhəmiyyəti ilə bağlıdır”,
— Koulman əlavə edib.
O, həmçinin Ermənistan və Azərbaycan arasında paraflanmış sülh
sazişinin açdığı strateji potensiala diqqət çəkib: “Ermənistan və
Azərbaycan arasında əldə olunan tarixi sülh razılaşması regionda
təhlükəsizliyin və iqtisadi artımın möhkəmləndirilməsi üçün böyük
perspektivlər vəd edən yeni bir dövrün başlanğıcını ifadə
edir”.