
Bakı. Trend:
“Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında
fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışına yekun vurulub.
Trend xəbər verir ki,
turnirin sonuncu günündə 30 ölkədən olan 35 qadın idmançı sərbəst
proqram üzrə çıxış edib.
Yarışın ümumi nəticələrinə əsasən Cənubi Koreyalı idmançı
Yuseong Kim 185.99 xalla turnirin ali kürsüsündə 1-ci
yerə,Yaponiyalı fiqurlu konkisürən Mayuko Oka 184.22 xalla 2-ci
yerə, İsrailli idmançı Sophia Shifrin 176.95 xalla 3-cü yerə sahib
olublar.
Mükafatlandırma mərasimində buz üstündə rəqs proqramı üzrə
çütlüklər və sərbəst proqram üzrə çıxış edən qadın idmançılar
təltif olunublar.
Qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının
prezidenti Fuad Nağıyev və Federasiyasının Baş katibi Günel
Bədəlova təqdim edib.
Qeyd edək ki, Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq
Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilib. Turnirdə 38
ölkədən 92 idmançı iştirak edib.
Yarışda Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündə
idmançılarımız Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina,
buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsil
ediblər.

